
2017-ci ilin mayında Tərtər və Beyləqandakı hərbi hissələrdə yüzlərlə əsgər və zabitə qarşı kütləvi işgəncə üzündən həbsdə olan tək general Bəkir Orucovdur.
Gununsesi.info xəbər verir ki, həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olmuş general-mayor Orucov ötən il həbs edilərkən, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi idi.
Bəkir Orucov indi tələb edir ki, 6 il öncə Beyləqan korpusunun komandiri olmuş, general-leytenant Mais Bərxudarov məhkəməyə çağırılıb dindirilsin. Bu barədə onun özü və vəkili avqustun 17-dəki məhkəmə iclasında vəsatət qaldırıb.
Orucov daha 4 nəfərlə birlikdə 2017-ci ilin mayında Beyləqanda 60-dan çox hərbçiyə verilən işgəncələrə görə 4 aydan çoxdur ki, mühakimə olunur. Orada işgəncəyə məruz qalan hərbçilərdən biri – leytenant Adil Sabirli aldığı xəsarətlərdən vəfat edib.
“O zaman Bərxudarov hava limanında olub”
Bərxudarovun dindirilməsinə prokuror razılıq verməyib və bildirib ki, Adil Sabirli öldüyü gün Bəkir Orucovla Mais Bərxudarov arasında telefon danışığı olub.
Həmin danışıqdan görünür ki, o zaman Bərxudarov hava limanında olub. Bu üzdən, onun çağırılıb dindirilməsinə ehtiyac yoxdur.
Beyləqanda hərbçilərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları yekunlaşmaq üzrədir. Artıq zərərçəkən və şahidlərin dindirilməsi və sənədlərin tədqiqi mərhələsi də başa çatıb. Yaxın vaxtlarda məhkəmə istintaqının da bitməsi və prokurorun çıxışı gözlənilir.
General-leytenent Mais Bərxudarov Beyləqan hadisələrilə əlaqədar ünvanına səslənən ittihamlara bir müddət öncə belə cavab vermişdi:
“Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq…”.