Fransadakı səfirimiz Senatın Azərbaycana qarşı sanksiya istəyinə etiraz edir -REALLIQDAN UZAQ VƏ SƏHV MƏLUMATLARA ƏSASLANIR

  • By admin
  • 17 Yanvar 2024 11:49

Fransa Senatının Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi əməliyyatı pisləyən, Azərbaycan rəsmilərinə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyalara çağıran qətnamə layihəsini səsverməyə çıxaracağı gözlənilir.

Gununsesi.info-nun xəbərinə görə, “Ermənistan Respublikasının ərazi bütövlüyü” başlıqlı qətnamə layihəsi, həmçinin Ermənistana müdafiə qabiliyyətini artırması, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verilməsinə çağırır.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva qətnamə layihəsinin reallıqdan uzaq səhv məlumatlara əsaslandığını qeyd edib.

“157 saylı qətnamə layihəsi reallıqdan uzaq səhv məlumatlara əsaslanır. Regionda davamlı sülh perspektivi tələb edir ki, hər kəs alovu körükləmək əvəzinə məsələlərə adekvat yanaşsın” deyə səfir X səhifəsində yazıb.

 

Azərbaycan sentyabrın 19-da ölkənin konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Növbəti gün Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul edib və hərbi əməliyyatlar dayandırılıb.

Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasından sonra 100 mindən artıq erməni sakin Qarabağı tərk edib.

Rəsmi Bakı bugünədək “etnik təmizləmə” ilə bağlı ittihamları qəti şəkildə rədd edib, Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini bildirib.

Fransa Senatı 2022-ci ilin noyabrında qəbul etdiyi digər bir qətnaməsində Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına və Fransa hökumətini Qarabağ ermənilərinin müstəqilliyini tanımağa çağırmışdı.

Senatın çərşənbə günü müzakirəyə çıxaracağı qətnamə lahiyəsi əvvəlki qətnamə kimi icbari xarakter daşımır.

Afət Abbasova

Gununsesi.info