Fazil Mustafa: “Filistinizm” Azərbaycan mühitində narazı insan tipinə uyğundur

  • By Admin2
  • 18 Fevral 2026 13:55

“Hər gün yeni bir düşüncə məhsulu ilə tanış olmaqdan dəyərli hansı həzz ola bilər ki? Azərbaycanın dəyərli düşüncə adamlarından olan yazar dostum Qismət Rüstəmov öz arxivindən maraqlı bir paylaşım edib”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Fazil Mustafa şair-esseist Qismət Rüstəmovun yazısını münasibət bildirərkən deyib.

“Nabokovun bir ifadəsi üzərindən cəmiyyətimizə birbaşa dəxli olan “filistinizm” ifadəsini güncəlləşdirib. Nabokovun bədii və elmi irsi ilə az-çox tanış olsam da, bu ifadəni nədənsə yadda saxlamamışdım. Nabokov tədqiq etdiyi xeyli düşüncə və ədəbiyyat adamının mətnlərində yer alan “filistinizm” sözünün izahını vermiş. Meşşan, zövqsüz, ortabab mənasına gələn bu ifadə əsasən öz xarici görkəmi də başda olmaqla, əsasən üzdə olan şeylərin vurğun olan, hər həftə imic dəyişən adamlara aid edilir. Bu cür adamlara elə gəlir ki, hər zaman onun haqqını yeyirlər, qətiyyən layiq olduğu yerdə deyil; onun hər şeyi psevdodur, o özü olmayan bütün yerlərdən narazıdır”, – deyə o qeyd edib.

Fazil Mustafa sözlərinə əlavə edərək bildirib:

“Başqa bir ifadəni də müqayisə aparmaq üçün xatırladığım ədəbiyyatdan mən də güncəlləşdirmək istərdim. Nietzsche, sevmədiyi “kölə” və ya “sürü” əxlaqının, almanca qarşılığı olmayan fransızca bir kəliməni götürərək “ressentiment” (kin, qəzəb, ədavət, nifrət) olaraq adlandırıldığı bir şeyə dayandığını düşünürdü. “Ressentiment” həm də qızğınlıq və ya qısqanclıq mənasına gəlir və Nietsche tərəfindən bədbəxt, narazı və zəif olanların başqalarını qısqanmağa və onlara qızmağa, öz problemlərinə görə onları günahlandırmağa meylli olma tərzlərini və özlərindən daha uğurlu və ya başqa və fərqli cəhətlərə sahib olanları linç etməklə özlərini daha yaxşı hiss etməyə çalışma tərzlərini tanıtmaq və izah etmək üçün istifadə olunur. Fikrimcə, sosial şəbəkədə hər an qarşımıza çıxan və cəmiyyətdə tez-tez üzləşdiyimiz qaragürühun fəlsəfi adını Nietsche çox uğurlu şəkildə tapmışdır”.

Millət vəkili son olaraq bildirib:

“Hər zaman narahat insanlar narazı insan arasında fərqi vurğulayıram. Narazılığın yoxsulluqla, varlılıqla əlaqəsi yoxdur, Nabokovun da vurğuladığı kimi, öz dünyaya gəlişinə belə şansızlıq kimi baxan, yaşamında məchul hədəflərinə başqaları ilə müqayisədə yetişmədiyini düşünən və hansısa epizodik qazanclara görə keçici xoşbəxtlik yaşayan insanların obrazında bu narazılığı dərhal sezə bilərsiniz. Narahat insan üçün isə imkan, səlahiyyət, status elə də ciddi önəm daşımır, cəmiyyətdə olan hər hansı neqativ təzahürlər onu rahatsız edir, onun müalicəsi üçün populizmdan, bayağılıqdan uzaq biçimdə fədakarlıq etməkdən, real işlər görməkdən çəkinmir. Gəldiyim nəticə: “Filistinizm”- Azərbaycan mühitində “Narazılıq” kateqoriyasında gördüyümüz insan obrazlarına uyğun gəlir. “Resseniment” isə “Milli qaragüruhumuzun” ta kəndisidir”.

Gununsesi.info