Ətraf mühitin qorunması: "Hər bir vətəndaş tullantıların düzgün idarə olunmasına diqqət yetirməlidir"

Azərbaycanda ətraf mühitin qorunması son illərdə daha çox diqqət yetirilən sahələrdən biridir. Təbii sərvətlərin qorunması və onların səmərəli istifadəsi cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Lakin sənaye fəaliyyəti, məişət tullantıları və nəqliyyat vasitələrinin artması ətraf mühitə mənfi təsir göstərir. Xüsusilə hava, su və torpaq çirklənməsi ekoloji tarazlığın pozulmasına səbəb olur.

Əlbəttə bu problemlərin aradan qaldırılması üçün həm dövlət, həm də cəmiyyət səviyyəsində birgə səylər vacibdir.

Bəs ətraf mühitin qorunması üçün hər bir vətəndaş hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, günümüzdə ətraf mühitin qorunması innsanlığın qarşısında duran ən mühüm məsələlərdən biridir:

“Çünki ekoloji böhran, qlobal istiləşmənin yaratdığı fəsadlar dünyamızı fəlakətin astanasına gətirib çıxarıb. 4 sənaye inqilabları dövründə əhali kifayət qədər artmış, şəhərlər böyümüş, sənaye fəaliyyətinin genişlənməsi, məişət tullantılarının artması və nəqliyyat vasitələrinin sayının çoxalması təbiətə ciddi ziyan vurub. Havanın, suyun və torpağın çirklənməsi ekoloji tarazlığı pozub, nəticədə flora və fauna ciddi zərər görüb. İnsanların özünün sağlamlıq problemlər artıb. Adi bir misal çəkim. Hər dəfə normadan artıq yağışlar yağanda bataqlıq, qamışlıq kimi yerlərin qurudulması hesabına meydana çıxmış “gecəqondular” suyun altında qalır. Onların çoxunda  heç kanalizasiya sistemi yoxdur. Nəticədə yağış suları çirkab sulara qarışıb şəhərə axır. Yağış kəsəndən sonra isə ətrafa dağılmış kanalizasiya suları ərtafa üfunət saçır. İnsanlar arasında aspirator xəstəliklər yayılır.

Bu durumun yaranmasında çox təəssüf ki, təkcə rəsmi qurumlar, bələdiyyələr suçlu deyil. Həm də işbazlar, ekoloji düşüncəsi zəif  olan vətəndaşlar günahkardır. Bir insanın evinin olması yaxşı haldır. Amma insan ev tikəndə bilməlidir ki, o ev harda tikilir. Vahid kanalizasiya şəbəkəsi olmayan yerdə ev tikərlər? İnsan necə şüursuz olmalıdır ki, məişət tullantı sularını birbaşa dənizə axıtsın. Çox təəssüf ki, sahilyanı qəsəbələrdə bu cür haların şahidi olmuşam”.

Ekoloq deyib ki, ətraf mühitin qorunmasında dövlət qurumları, bələdiyyələr, vətəndaş cəmiyyəti və icmaların üzərinə böyük məsuliyyət düşür.

“Ekoloji böhranın aradan qaldırılması ilə bağlı iri layihələri dövlət qurumları, iri şirkətlər həyata keçirir, bu, sadə vətəndaşların işi deyil. Məsələn, yaşıl nəqliyyata keçid, velosiped zolaqlarının yaradılması, nəqliyyat infrasturukturunun yenilənməsi rəsmi qurumların işidir. Amma idarə etdiyi aftomobili texniki baxışdan keçirmək, işlətdiyi iaşə müəssisəsində təmizləyici quruğuları yeniləmək, sdaz vəziyyətdə saxlamaq, atmosferi çirkləndirməmək də vətəndaşın işidir. Hər bir vətəndaş tullantıların düzgün idarə olunmasına diqqət yetirməlidir. Ətraf mühitin qorunması prosesində məişət tullantılarının çeşidlənməsi, təkrar emala yararlı materialların ayrılması və plastik istifadəsinin azaldılması mühüm işlərdir. Polietilen torbalar, plastik qablar, paketlər və birdəfəlik məhsullar ətraf mühitdə uzun müddət qalaraq təbiətə zərər verir. Buna görə də insanlar alternativ olaraq parça çantalar, şüşə qablar və təkrar istifadə edilə bilən məhsullardan istifadə etməyə üstünlük verməlidirlər. İnsanların təbiətin qorunmasına verəcəkləri töhfələr sırasınbda ilk yerdə gələn addımlar enerjiyə və suya qənaətdir. Gündəlik həyatda elektrik enerjisindən səmərəli istifadə etmək, istifadəsiz qalan cihazları söndürmək, enerji qənaət edən lampalardan istifadə etmək ətraf mühitin qorunmasına töhfə verir. Su ehtiyatlarının qorunması üçün isə suyun israf edilməsinin qarşısı alınmalıdır. Elə bir dövrdə yaşayırıq ki, hətta mətbəxdə belə kranı açıq qoymaq, suyu boşuna axıtmaq olmaz.

Dövlət milyonlarla xərc çəkib velosiped zolaqları salır, amma ondan kütləvi istifadə görmüsüzmü? Heç mülayim havalarda belə “çatdırma xidməti”nin əməkdaşlarından başqa kim velosipeddən, skuterdən istifadə edir? İnsanlar dərk etməlidir ki, iri şəhərlərdə nəqliyyat vasitələrinin azalması ətraf mühitin qorunmasına mühüm töhfədir”-deyə, o, bildirib.

E.Cəfərli hesab edir ki, insanlarda ekoloji şüuru formalaşdırılmasında maarifləndirmə aksiyalarının böyük rolu var:

“Cəmiyyətdə nüfuzlu şəxslər, tanınmış sənət adamları, idmançılar ekoloji aksiyalarda iştirak etməlidir. Məsələn, onların iştirakı ilə iri marketlərdə ekoçantalar paylanması aksiyaları keçirmək olar. Qoy, insanlar anlasın ki, polietilen qablardan imtina emtək lazımdır. Və ya məşhurlar vaxtaşırı ağacəkmə aksiyasına qoşulsa yaxşı olar. Çünki iqlim fəsadları ilə mübarizə dövründə yaşıllıqların qorunması və artırılması da olduqca mühüm məsələdir. Çoxillik ağacların qorunması, yeni ağacların əkilməsi, park və meşələrin qorunması karbon qazının azalmasına və havanın təmizlənməsinə kömək edir. Hər bir vətəndaş öz həyətində və ya yaşadığı ərazidə ağac əkərək bu prosesə dəstək verə bilər. İstirahət və mədəniyyət parklarında təmizliyə riyaət etmək, tum qabıqlarını, meyvə çəyirdəklərini çayıra, ağacların dibinə, polietilen torbaları budaqlara atmaq olmaz. Bunu hər bir insan dərk etməlidir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info