
Qarabağın “blokada”da olduğunu dilə gətirən Ermənistan hakimiyyəti dünya ictimaiyyətini aldatmaqda davam edir.
Gununsesi.info “Hraparak”a istinadla xəbər verir ki, bu gün səhər saatlarında 400 tonluq humanitar yardım olan avtomobillər İrəvandan çıxaraq Laçın keçid məntəqəsinə doğru hərəkət etməyə başlayıblar.
Erməni KİV-lərinin məlumatına görə, avtomobil karvanı artıq Qarakilsə (Sisian) şəhərini keçib. Məlumata görə, yüklərin Laçın nəzarət-buraxılış məntəqəsinə keçirilməsinə kömək edilməsi üçün Rusiya sülhməramlılarına müraciət edilib.
Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi isə 400 tonluq yükə nələrin daxil olduğunu açıqlayıb. Qurumdan verilən məlumatda qeyd olunub ki, Qarabağa göndərilən humanitar yükə 60 ton şəkər, 40 ton yağ, 100 ton un, 80 ton makaron, 20 ton duz, 40 ton süd tozu, 12 ton uşaq qidası və 9 ton dərman və digər vasitələr daxildir.
Qeyd edək ki, rəsmi Bakı İrəvandan Xankəndiyə göndərilən yüklərin Qarabağa buraxılmasına dair açıqlama verməyib.
Gununsesi.info