
Ermənistanın “Hraparak” qəzetinə istinadən bir neçə müxalifət nümayəndəsinin sülh sazişinin mətniylə tanışlığı və onların sənədə şərhləri Azərbaycan mediasında da geniş yayılıb. Xəbərin mahiyyəti budur ki, bir neçə müxalifət nümayəndəsi Ermənistan Xarici İşlər Nazirliyinin “tam məxfi” kimi təsnif edilən sənədinin bəzi detallarıyla tanış olublar. Onlar detallarla tanışlıqdan sonra sənədi belə tərənnüm etdiriblər: “Sənəddə Azərbaycan tərəfinin tələbi, Ermənistan tərəfinin razılığı var”.
Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. “Başqa necə olmalıydı? Müharibədə qalib tərəfin məğluba şərtlərini diqtə etmək hüququ var”.
Onun sözlərinə görə, belə bir iddia da ortaya atıblar ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadratkilometr ərazisini tanımaq fikrində deyil.
“Erməni deputatın iddiasına görə, yazışmalarda ümumi ifadələrə üstünlük verilir. Ermənistan ərazisinin isə sərhəd delimitasiyasından sonra bəlli olacağı nəzərdə tutulur. Təkliflərə anklavlar və yolların blokdan çıxarılması da daxildir. “Təkliflərlə tanışlıq bizim qorxularımızı gücləndirdi”, – bu müxalif deputatın “Hraparak”a açıqlamasında son cümləsidir”, – deyə o qeyd edib.
Elxan Şahinoğlu bildirib ki, yenə qeyri-adi heç nə yoxdur, anklav kəndlər məsələsi həll olunmayana qədər Azərbaycanın Ermənistanın konkret ərazisi çərçivəsində ərazi bütövlüyünü tanıması mümkün deyil:
“Kəndlərimiz hansısa formada və ya ərazi mübadiləsi şəklində geri qaytarılmalıdır. Əgər Ermənistan Qərbi Zəngəzurun əlindən çıxacağından qorxursa, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda, Azərbaycan da Qərbi Zəngəzur daxil Ermənistanın ərazi bütövlüyünü tanıyacaq, əks halda, yəni İrəvan Qarabağ bəndinin sülh sazişinə salınmasına çalışacaqsa, Azərbaycanın da Qərbi Zəngəzura iddiası davam edəcək və sülh sazişi imzalanmayacaq. Bu isə baş nazir Nikol Paşinyanın sonunu gətirəcək. Ona görə Nikol Paşinyan və Ermənistan üçün ən optimal yol zəif müxalifətin reaksiyasından asılı olmayaraq, Azərbaycanın şərtləri çərçivəsində sülh sazişini imzalamaqdır”.
Gununsesi.info