
Ermənistan Respublikasının Dövlət Nəzarəti Xidməti ölkənin bir sıra dövlət strukturlarında milyardlarla dram mənimsəmə aşkarlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, adıçəkilən qurum bir sıra yerli özünüidarəetmə orqanlarında nəzarət tədbirləri həyata keçirərkən xeyli sayda mənimsəmə faktının üstünü açıb.
Güclü mənimsəmə faktlarının yer aldığı siyahıda İrəvan bələdiyyəsi birinci qeyd olunub. Bundan başqa, Ermənistanın Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, “Haypost” QSC, “Təcili Tibbi Yardım” QSC-də milyardlarla dramlıq mənimsəmə faktının olduğu vurğulanır.
Araşdırmalar nəticəsində artıq xeyli sui-istifadə halları üzə çıxıb və ölkə büdcəsinə 10 milyard dramdan çox ziyan dəydiyi bildirilir. O da qeyd olunur ki, yaxın vaxtlarda nəticələr ümumiləşdiriləcək və ictimaiyyətə açıqlanacaq. Qurumdan verilən məlumata görə, hətta səs-küylü həbslər də mümkündür. Bu da o deməkdir ki, yaxın vaxtlarda Ermənistanda bir sıra yüksək dövlət postlarını tutan məmurlar həbs edilə bilər.
Gununsesi.info