“Ermənilər təmizlənmiş yollara, cığırlara yenidən mina basdıra bilər…” –  Polkovnik

  • By turana
  • 10 Fevral 2021 20:12
“Tarixən qələbə ilə nəticələnən savaşlardan sonra qalib ordularda “qələbə arxayınçılığı” deyilən bir sindrom yaranır…”

Xəbər verildiyi kimi, fevralın 8-də  Tərtər rayonunun işğaldan azad edilmiş Talış və Suqovuşan məntəqələri istiqamətində  5 hərbçimiz minaya düşüb. Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıb və hərbi hospitala təxliyə olunublar. Onlardan birinin –polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib.  Bu, 10 noyabr atəşkəs razılaşmasından bəri insanları ömürlük şikəst edən və ya həyatına son qoyan artıq neçənci belə olaydır…

Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Doğrudur, mina partlayışlarının qurbanlarının artmasının əsas səbəblərindən biri müvafiq qurumların dəfələrlə  xəbərdarlığına rəğmən hərbi və ya mülki vətəndaşlarımızın məsuliyyətsizlik edərək qadağan olunmuş ərazilərə getməsidir. Amma digər tərəfdən, işğaldan azad ərazilərdə quruculuq işlərində iştirak edən müxtəlif qurum əməkdaşları, eləcə də hərbçilərin müxtəlif zəruri işlərin, tapşırıqların yerinə yetirilməsi zamanı  ağlagəlməyən yerlərdə basdırılmış minalara düşməsi faktları da xeylidir. Bunun da başlıca səbəbi işğal müddətində və son döyüşlər zamanı Ermənistan ordusu tərəfindən minalanmış sahələrdən məlumatsızlığımızdır…

Öncəki yazılarımızda hərbi əməliyyatlar zamanı basdırılmış minaların “formulyar” deyilən xəritələrinin tərtib olunması  və Azərbaycan tərəfinin Ermənistan Müdafiə Nazirliyindən həmin xəritələri əldə etmək imkanının olub-olmaması haqda yazmışdıq. Ali Baş Komandan da son çıxışlarından birində, təəssüf ki, ermənilərin mina sahələrinin xəritələrini verməkdən imtina etdiyini bildirib.

 

Digər qorxulu bir ehtimal ANAMA və ya ordumuzun, qardaş Türkiyənin istehkamçıları tərəfindən minadan təmizlənmiş sahələrə erməni diversantlarının yenidən mina basdıra bilməsidir. Məsələn, elə   5 hərbçimizin ağır yaralanmasıyla nəticələnmiş son  mina partlayışı baş vermiş Talış-Suqovuşan istiqamətini götürək. Həmin ərazinin yaxınlığında, hava xətti ilə 5-6 km məsafədə – Tərtər rayonuna aid olan  “Tonaşen” adlandırılmış Qaratəpə kəndi ərazisində separatçı rejim “ordusu”nun, əslində Ermənistan ordusunun “Yexnikner”(“Marallar”) adlanan elit hərbi hissə yerləşib.  44 günlük savaşın son günlərində Azərbaycan ordusu həmin hissənin qərargah və anbarlarına güclü  zərbələr endirsə də, erməni əsgərlərinin mövqelərində qaldıqları barədə məlumatlar var.  Həmin düşmən hərbçiləri, təbii ki, Talış-Suqovuşan istiqamətini də, orada hərbçilərimizin hərəkət etdiyi yolları, cığırları da gözəl tanıyırlar…

 

Bəs  görəsən, keçmiş təcrübəli hərbçilər bu haqda nə düşünür?

 

İstefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov Moderator.az-a açıqlamasında bu cür halların da baş verə biləcəyini istisna etməyib.

“İnsanlarımızın  mina partlayışlarının qurbanı olmasının hazırda iki əsas səbəbi var. Birincisi, dəfələrlə müvafiq qurumlar tərəfindən qeyd edilən vətəndaş məsuliyyətsizliyidir. Amma təəssüf ki, son vaxtlar belə hallara hərbçilər arasında da yol verilir. Bilirsiz, tarixən, hələ qədimlərdən bəri  qələbə ilə nəticələnən savaşlardan sonra qalib ordularda “qələbə arxayınçılığı” deyilən bir sindrom yaranır ki, bu da ordularda bir az boşluq, intizamsızlıq yaradır. Teymurləngin müzəffər yürüşləri sonrası da bu cür hallar olub. Görünür, bizim bəzi hərbi qulluqçularımız da belə bir sindroma yoluxduqlarından bəzən dislokasiya olunduqları ərazilərdə mina təhlükəsi olub-olmamasını nəzərə almadan hansı tərəfə gəldi, necə gəldi, hərəkət edirlər. İnşallah, belə hallar varsa, tezliklə qarşısı alınar…

 

Ancaq digər qorxulu məsələ, qeyd etdiyiniz kimi, təmizlənmiş  yollara, sahələrə düşmən tərəfindən yenidən mina basdırılması ehtimalıdır. Təəssüf ki, mövcud durumda bu da gerçəklikdə mümkün ola bilən bir işdir. Çünki məlum olduğu kimi, hələ  keçmiş Dağlıq Qarabağ ərazisi Ermənistan hərbi birləşmələrindən, eləcə də mülki ermənilər tərəfindən yaradılmış qanunsuz silahlı dəstələrdən tam təmizlənməyib. Və özbaşına, yaxud müxtəlif qüvvələrin sifarişi ilə davranan həmin başıpozuq dəstələr ordumuza, mülki əhalimizə, hökumət qurumlarının əməkdaşlarına qarşı hər cür təxribata əl ata bilərlər. Bildiyiniz kimi, hələ noyabrın sonu, dekabrın əvvəllərində Hadrut istiqamətində hərbi və mülki vətəndaşlarımız arasında itkilərə səbəb olan belə gözlənilməz hücumlar baş vermişdi. Amma silahlı hücumdan əlavə, düşmən özlərinə yaxın ərazilərdə ordumuzun, mülkilərimizin hərəkət etdiyi əsas yollara, keçidlərə, körpülərə yenidən minalar döşəyə bilər…

 

Məsələn, mən bu baxımdan Şuşadan da narahatam. Çünki Daşaltı kəndindən savayı, rayonun digər kəndləri bizim tam nəzarətimizdə deyil…  Odur ki, işğaldan azad ərazilərimizdəki hər bir istər hərbçimiz, istərsə də mülki vətəndaşımız daim və həddindən artıq ayıq-sayıq olmaldırlar”- deyə kəşfiyyatçı polkovnik vurğulayıb.

Gununsesi.info