Ötən gün Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib ki, təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq.
O bildirib ki, qəbul edilmiş qərarlara uyğun olaraq, təhsil haqqında sənədlər, eləcə də təhsili bitirməyən vətəndaşlara verilən arayışlar tam hüquqi qüvvəyə malik olacaq və yalnız elektron formada təqdim ediləcək.
Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən təhsil eksperti, dosent İlham Əhmədov elektron diplomların (ED) tətbiqinin təhsildə şəffaflıq və legitimlik baxımından mühüm imkanlar yarada biləcəyini bildirib:

“ED saxtalaşdırmanı minimuma endirir, diplomun verilmə tarixi, proqramı və akkreditasiyası barədə məlumatların dərhal yoxlanmasına imkan yaradır”.
Dosent qeyd edib ki, bu mexanizm universitetləri formallıq deyil, real keyfiyyət üzərindən rəqabətə məcbur edir:
“Azərbaycan kontekstində isə bu yanaşma “diplom verən, amma bilik verməyən” universitetlərin mövqeyini zəiflədə və akkreditasiyanın real mexanizmə çevrilməsinə təkan verə bilər.
Elektron diplom sadəcə buraxılış sənədi deyil, təhsil tarixçəsinin bir hissəsidir. Bu isə proqramların məzmununun, müəllim heyətinin və qiymətləndirmə sisteminin auditə və müqayisəyə daha açıq olması deməkdir”.
Şəbnəm












