
Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti paytaxtda restoranlara qarşı “səlib yürüşü”nə başlayıb.
Bu barədə Gununsesi.info-ya paytaxt ərazisində restoran biznesi ilə məşğul olan bir qrup sahibkar bildirib.
Onların sözlərinə görə, son bir neçə gündür ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları onlardan haqq tələb edir.
“Söhbət restoranın həyətində qoyulmuş masalara görə tələb olunan puldan gedir” deyən sahibkarlar icra hakimiyyəti işçilərinin onlardan fantastik məbləğ tələb etdiyini bəyan edib.
Sahibkarlar deyir ki, əslində hər il bu proses olsa da ancaq cari ildə tələb olunan məbləğ onları qane etmir: “İndi hədələyirlər ki, pul verilməsə stol-stulu içəriyə daşıyın”.
Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub departament işçiləri Bakıda restoran biznesi ilə məşğul olan türkiyəli iş adamları qarşısında da eyni tələb səsləndirib.
Onlar arasında “Qoç Ət” və daha bir neçə restoran var.
Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən münasibət öyrənmək cəhdimiz baş tutmayıb.
Belə ki, qurumun rəsmi telefon nömrəsi kimi təqdim olunan (012) 566-83-71 nömrə zənglərimizi cavabsız qoyub.
Afət Abbasova
Gununsesi.info