Əfqan Hacıyevin həbsə göndərdiyi vətəndaşın təqsirsizliyi üzə çıxdı - BİLƏ-BİLƏ QANUNSUZ HÖKM ÇIXARAN HAKİM CƏZALANACAQMI?

  • By admin
  • 27 Aprel 2022 17:50

 

Azərbaycanın ən amansız hakimlərindən biri kimi tanınan Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyevin bilə-bilə qanunsuz hökm çıxararaq 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdiyi vətəndaşın təqsirsizliyi üzə çıxıb. 

Gununsesi.info-nun xəbərinə görə, Lənkəran rayonunun Havzava kənd sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb.

Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsi onu təqsirli bilib 7 il 6 ay həbs cəzası kəsmişdi. Həmin hökmdən verilmiş apellyasiya şikayəti 1 ilə yaxın araşdırıldı və çıxarılmış hökm ləğv edildi.

Ağazadə haqqında 7 il 6 aylıq azadlıqdan məhrumetmə hökmünü Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyev çıxarıb.

Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb. Eyni zamanda, son illərdə həbs olunan yüksəkvəzifəli məmurların işləri də Hacıyevə həvalə olunur.

Hüquq müdafiəçisi Leyla Yunus, keçmiş Baş prokuror Eldar Həsənov, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev və Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərova da ömürlük cəzanı o təyin edib.

Azərbaycanın cinayət qanunvericiliyində hakimin bilə-bilə qanunsuz hökm qətnamə, qərardad çıxarması həmin hakim haqqında cinayət məsuliyyəti müəyyən edib.

Qanunvericiliyə görə, əgər bu hökm şəxsin azadlığının məhdudlaşdırılması ilə nəticələnibsə, həmin hakimi 8 ilədək həbs gözləyir.

Bəs görəsən, Azərbaycanın Məhkəmə-Hüquq Şurası Əfqan Hacıyev barəsində intizam icraatı başlayacaqmı? 

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyi bir neçə gün əvvəl  Avropa Şurası ilə  məhkəmə-hüquq islahatları üçün 9  milyon avroluq Fəaliyyət Planı imzalayıb.

Pərviz Həşimli

Gununsesi.info