
Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir çox mühüm məqamlara, o cümlədən tariximiz və gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə diqqət çəkdi, azərbaycanlıların ad verdiyi yurd yerlərinin, milli toponimlərimizin unudulmamasının və olduğu kimi ifadə olunmasının vacibliyini vurğuladı.
Gununsesi.info xəbər verir ki, bunu Modern.az–a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat bildirib ki, tarix boyu azərbaycanlıların yaşadığı və xalqımıza məxsus yaşayış məntəqələrinin adları unudulmamalı, daim xatırlanmalıdır:
“Cənubi Qafqaza, tarixi Azərbaycan ərazilərinə bu bölgəyə heç bir aidiyyatı olmayan etnik ermənilərin köçürülməsi, təkcə indiki Ermənistan ərazilərin titul xalqı olan azərbaycanlılar üçün deyil, xalqımızın mərhəmətinə sığınan bütün digər xalqların təmsilçiləri üçün böyük faciəyə çevrilib. Soydaşlarımızın deportasiyası, etnik təmizləməyə və soyqırımına məruz qalması nəticəsində bizə məxsus nə varsa dağıdılıb, məhv edilib, erməniləşdirilib. Ermənilər azərbaycanlıların izlərini onlara məxsus olan torpaqlardan silmək üçün bəşər tarixinin ən amansız qətliamlarına, vandalizm aktlarına imza atıblar. Eyni cinayətləri eyni dəst-xətlə Qarabağda da həyata keçirmişdilər. İzlərimizi Qarabağdan da silməyə çalışırdılar. Lakin Ümummilli liderimizin xilas etdiyi Azərbaycan dövləti Prezident İlham Əliyevin iti zəkası, diplomatik məharəti, uzaqgörənliyi və qətiyyəti nəticəsində ermənilərin və onları tarix boyu himayə edənlərin arzularını gözlərində qoydu. Bu gün Azərbaycanın lideri işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın bayrağını ucaldaraq, “Vardenis yox, Basarkeçər, Yerasx yox, Arazdəyən deyin” deyə həmvətənlərinə, gələcək nəsillərə səslənir, xalqımızın strateji hədəflərini nişan verir”.
A.Kərimli Azərbaycanın bütün istiqamətlərdə öz dövlət sərhədlərinə sahibləndiyini, tarixi ədaləti addım-addım bərqərar etdiyini qeyd edib:
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri öz sərhədlərinə çıxıb, Zəngəzurda yerləşib və öz mövqelərini möhkəmləndirməkdədir. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər isə tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də… Ölkəmiz Azərbaycan-Ermənistan sərhədində söz sahibidir və bu reallıq heç zaman dəyişməyəcək. Bu baxımdan, cənab Prezidentin də dediyi kimi, əgər Azərbaycanın atdığı addımlar kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər”.
Millət vəkili Azərbaycanın müzəffər Ali Baş Komandanının, siyasi liderinin rəhbərliyi altında bütün strateji hədəflərinə çatacağına əmin olduğunu vurğulayıb:
“Bu gün biz Kəlbəcərdə, Qubadlıda, Şuşada, Ağdamda, Laçında, Zəngilanda, Füzulidə, Cəbrayılda və işğaldan azad edilmiş digər ərazilərimizdəyik və xalqımız, dövlətimiz tarixi ədaləti sonunadək bərpa edəcək”.
Gununsesi.info