
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı işğaldan azad olunun torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımdan strateji təsirləri var.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, sözügedən səfərin iqtisadi tərəfləri artıq müzakirə olunduğundan məsələnin strateji istiqamətlərinə diqqəti çəkmək vacibdir.
“Əvvəlla, Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməziliyini göstərən meyarlardır. Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq, regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub. Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq, Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir. Bu da ölkəmizin və o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir. Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək. Müharibədən sonra ölkə rəhbərliyinin Kəlbəcərə səfəri bir daha təsdiq edir ki, artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar.
Son səfər təsdiq edir ki, kifayət qədər həsas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə olunması 44 günlük savaşdan sonra qazandığımız zəfər kontekstində formalaşan reallığa uyğun olaraq kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcək. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!”- deyə V.Bayramov ölkə başçısının Kəlbəcər və Laçına səfərinin əhəmiyyətindən danışıb.