
“Müsəlman Birliyi” Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadənin aclığını bir sıra digər məhkum edilmiş dindarlar da dəstəkləyiblər. Onlar polis idarəsində işgəncələrin tətbiqinə və polis əməkdaşlarının küfür etməsinə etiraz edirlər. Polad Aslanovun xanımı bildirib ki, həyat yoldaşı iyunun 6-dan aclığa başlayıb və bu barədə 1 saylı koloniyanın rəhbərliyinə məlumat verib. Hərəkatın digər üzvü Cabbar Cabbarov da həmin müəssisədə aclıq elan edib. Hərəkatın digər fəalı Abbas Hüseynov Qobustan həbsxanasında aclığa başlayıb, onun yaxınları bildiriblər. Bağırzadənin özü beşinci gündür ki, aclıq edir. “Dünən Tale ilə telefonla danışdıq, beşinci gündür ki, aclıq edir. Ancaq su içir, deyir ki, səhhəti normaldır, lakin səsində gərginlik vardı. Koloniya administrasiyası israrla aksiyanın dayandırılmasını tələb edir, ancaq Tale bunu rədd edir. Aclıq etməsinə baxmayaraq, onu təcrid etməyiblər, adi kamerada qalır”, – xanımı bildirib. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. “Müsəlman Birliyi” Hərəkatının lideri, uzun müddət həbsdə olan Tale Bağırzadə iyunun 3-dən aclığa başlayıb. O, polisdə dindarlara işgəncə verilməsinə, hüquq-mühafizə orqanları əməkdaşlarının Allahı təhqir etməsinə etiraz edir. Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də keçirdiyi mətbuat konfransında təhlükəsizlik orqanları əməkdaşlarının işgəncə verdiklərini və Allaha küfür etdiklərini bildiriblər.
Sosial şəbəkədə bəzi istifadəçiləri iddia edirlər ki, guya Azərbaycan polisi dinimizi təhqir edib.
Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, qeyd olunan iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddən başqa bir şey deyil:
“Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib.
Polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şaiyələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir. Lakin onlar bu dəfə müqəddəs dinimizi də öz çirkin niyyətlərinə alət etməyi hədəf götürüblər. Amma bilməlidirlər ki, Azərbaycan Polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşırlar. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan Polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər.
Polis əməkdaşları hər zaman olduğu kimi bundan sonra da öz müqəddəs peşələrinə sadiqdirlər və heç nədən çəkinmədən xidməti vəzifələrini icra edirlər”.
Gununsesi.info