
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 44 günlük vətən savaşının iştirakçılarına qarşı ədalətsiz münasibəti geniş ictimaiyyətin haqlı narazılığına səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, Milli Qəhrəmanımız Polad Həşimovun anası da bu haqda danışıb.
Hərbçilərin üzləşdiyi duruma toxunan Səmayə Həşimova yaranmış duruma görə, naziri günahlandırıb. Səmayə Həşimova nazir Sahil Babayevin fəaliyyətini tənqid edib:
“Qazilər Nazirliyin qapısını vurub dağıdıblar, nazir Sahil Babayevin borcu idi ki, onların problemini dinləsin, yardım etsin. Sahil Babayev bu iki ildə bir qazinin evinə gedibmi?! Zəng vurub bir şəhid ailəsindən xəbər bilibmi? Bir dəfə düşünübmü ki, bu ananın övladı mənim yolumda şəhid olub, maraqlanım görüm harada, nə vəziyyətdə yaşayır?”
“Yeni Sabah” nəşrinə danışan Səmayə Həşimova deyib ki, necə olur ki, qazi gedib vuruşanda ağıllı idi, indi haqqını tələb edəndə dəli olur?
Bir vətəndaş kimi nazir Sahil Babayevin fəaliyyəti, işi haqda necə düşünürsüz? Onun nazir kimi fəalliyəti sizi qane edirmi?
Onun sözlərinə görə, narazılığını ifadə edən qazilər haqlarını tələb edirlər və haqlıdırlar:
“Qazilər nə edibsə, düz edib. Şəhid valideynləri nə deyirsə, düz deyir. İki şəhid valideyninə bir az pul verib ağzını bağlamaqla dünya düzələn deyil. O uşaqlar hamısı gedib vuruşub, qolunu, ayağını, gözünü qoyub gəliblər, indi də haqlarını tələb edirlər. Haqqı tələb etdiklərinə görə dəlidirlər?! Xeyr! Qazilərimizi pis qələmə verməsinlər! Onlar nə tələb edirlərsə, dinləsinlər, layiqincə problemlərini həll etsinlər. Onlar ədalət tələb edirlər. Niyə vuruşmamışdan əvvəl, qolunu-qıçını itirməmişdən qabaq gedib Sahil Babayevin qapısında durmurdular? Deməli, indi haqları var ki, o qapıda dayanıb nəsə tələb edirlər”.
Gununsesi.info