Erkin Qədirli: “Ünvanıma yazılan və söylənilən bəzi gümanlar çox aşağılayıcıdır”
Milli Məclisin deputatı Erkin Qədirli feysbuk sosial şəbəkəsində onu tənqid edənlərə cavab verib.
Gununsesi.org xəbər verir ki, deputat ona yazılan tənqidlərin və təkliflərin çox önəmli olduğunu vurğulayıb: “Yalnız, bir şeyi nəzərə almağınızı xahiş edirəm. “”Niyə filan şeydən danışmadınız?”, “Niyə filan şeyi demədiniz?” sayağı iradlar çox zaman yersiz olur.
Məclisdə hər iclasın öz gündəliyi olur. Mən, müəllimlik vərdişimə görə, mövzudan qırağa çıxmağı və çıxanları bəyənmirəm. Məclisdə çoxları mövzudan qırağa çıxır, müzakirə olunmalı məsələ qalır, keçirlər aidiyyatı olmayan söhbətlərə. Odur ki, sizə görə nədənsə danışmamışamsa, deməli o məsələ hələ müzakirə mövzusu olmayıb. (Başqalarının intizamsız danışıqlarına baxmayın).
Ayrıca, onu da yazım ki, ünvanıma yazılan və söylənilən bəzi gümanlar çox aşağılayıcıdır. Mən heç kəsə vicdanıma şübhə ilə yanaşmağa bəhanə verməmişəm, təmiz yaşamışam, bundan sonra da təmiz yaşayacağam. Kimsənin qarşısında gözükölgəli deyiləm. Tələsməyin. Yaxşı işlər yavaş görülür”.
COMMENTS