Dövlət başçısı İlham Əliyev martın 31-də iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Ölkə başçısı naziri qəbul edərkən qeyd edib ki, neftin qiymətinin kəskin enməsi ölkə iqtisadiyyatında ciddi problemlərə səbəb ola bilər.
“Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır», – deyə ölkə başçısı bildirib. Bu, dövlət büdcəsi-20-nin yenidən işlənməsini göstərən ilk açıqlama idi.
İlham Əliyev bildirib ki, neft sektoru iqtisadiyyatın əsas sektoru olaraq qalır. Daha sonra dövlət başçısı deyib:
“Mən dəfələrlə demişəm və həyat onu göstərir ki, biz elə işləməliyik, elə yaşamalıyıq, sanki biz postneft dövründə yaşayırıq. İndi neftin qiyməti 21-22 dollar olan zaman, faktiki olaraq bu, bizim üçün postneft dövrüdür. Biz bu dövrə hazırlıq işləri görmüşük və bu hazırlıq işləri hələ ki, davam edir. Ona görə sahibkarlardan da çox şey asılıdır. Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxa biləcəyik».
Ölkə başçısı nazir Mikayıl Cabbarovla görüşdü mövcud olan kölgə iqtisadiyyatının azaldılmasından da danışıb və qeyd edib ki, onun azaldılması üçün hər şey edilməlidir.
“Bizim əsas məqsədimiz, – mən bu vəzifəni İqtisadiyyat Nazirliyi qarşısında qoymuşdum, – kölgə iqtisadiyyatının miqyasının daraldılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi addımlar atılıb. Keçən il vergi və gömrük orqanları xəzinəyə proqnozdan artıq bir milyard manat vəsait daxil etdilər. Nəyin hesabına? Kölgə iqtisadiyyatının kiçilməsi hesabına.
Bu ili çox gözəl başlamışdıq. İki ayda 250 milyon manatdan çox gəlir olmuşdu. Nəyin hesabına? Kölgə iqtisadiyyatına qarşı mübarizə hesabına. Bu proses davam etdiriləcəkdir.
Görüşdə nazir Mikayıl Cabbarov da kölgə iqtisadiyyatına toxunub, kapital və əmlak amnistiyasının onunla mübarizədə təsirli olacağını qeyd edib.
COMMENTS