Dələduz qadına cinayət işi açıldı

Maral Xəlilovanın qanunsuz əməlləri barədə Füzuli Rayon Prokurorluğuna daxil olmuş kollektiv ərizə əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Füzuli Rayon Prokurorluğundan Gununsesi.info-a verilən məlumata görə, araşdırmalarla rayonun Kərimbəyli kənd sakini Maral Xəlilovanın Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadənin əməlinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik edəcəyinə vəd verib. Bunun  müqabilində Xumar Əbüləzimovadan və qardaşı Eldost Hacıyevdən  ümumilikdə 13 min manat məbləğində pul almasına əsaslı şübhələr müəyyənləşib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Gununsesi.info