Bakıda “bomj”lar arasında qanlı dava – ÖLƏN VAR/YENİLƏNDİ

Səbail rayon Prokurorluğu ötən gün rayon ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Gununsesi.info-a daxil olan məlumatda bildirilir ki, avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, şəhər sakini 1975-ci il təvəllüdlü Ruslan Alyoşkin avqustun 30-u saat 01 radələrində Səbail rayonu Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürüb.

Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam edir.

 

*****

11:18

Səbail Rayon Polis İdarəsinə avqustun 31-də rayon ərazisində Bakı şəhər sakini, tüfeyli həyat tərzi keçirən Eldar Qurbanovun baş nahiyəsində əzik xəsarəti olan meyitinin tapılması barədə məlumat daxil olub.

Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalar zamanı avqustun 30-da saat 1 radələrində E.Əzizov küçəsində yaşayan M.Həmidov və R.Alyoşkinin E.Qurbanovla münaqişə etməsi və R.Alyoşkinin E.Qurbanovu yumruqla vurduqdan sonra başı divara dəyməsi nəticəsində ölməsi müəyyən edilib.

Əməliyyat axtarış tədbirləri nəticəsində M.Həmidov və R.Alyoşkin saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gununsesi.info