Bulvarda kaktusların yandırılması faktına görə hüquq-mühafizə orqanlarına müraciət olunub

“Dənizkənarı Bulvar İdarəsi Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır. Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanunauyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq”.

Bunu Gununsesi.info-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib.

HTML tutorial

Qeyd edək ki, sosial şəbəkələrdə bulvar ərazisində kaktus ağaclarının yararsız hala salınmasına dair görüntülər yayılıb.
Əfsanə Mehdiyeva təmsil etdiyi qurumun ictimaiyyətə çağırışını da səsləndirib:

“Dənizkənarı Bulvar İdarəsi bildirir ki, Bulvarın mühafizəsi üçün lazım olan bütün tədbirlər görülüb.

Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-səhmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür.

Milli Park hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hisssi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur.

Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır”.

Şəbnəm
Gununsesi.info