“Boeing”i ifşa edən keçmiş əməkdaşı avtomobilində ölü tapıldı

“Boeing”ə qarşı işdə ifadə verən şirkətin keçmiş əməkdaşı Con Barnettin ölümü çoxlu suallar yaradıb.

Con Barnett (62) 32 il Boeing-də çalışıb, 2017-ci ildə təqaüdə çıxıb və sonuncu dəfə şirkətə qarşı məhkəmədə ifadə verib.

Barnett həmçinin müxtəlif media orqanlarında şirkətin təyyarələrə “qəsdən keyfiyyətsiz hissələri quraşdırdığını” iddia edib. Barnettin martın 9-da ifadə verməyə davam edəcəyi gözlənildiyi halda, onun qaldığı otelin dayanacağında tapılan avtomobilində “öz-özünə vurduğu” yaralardan öldüyü açıqlanıb.

Gununsesi.info xəbər verir ki, “New York Post”un məlumatına görə, “Boeing” şirkətinin keçmiş əməkdaşı Con Barnett dünən Cənubi Karolinada qaldığı otelin dayanacağında avtomobilində ölü tapılıb.

“Boeing” şirkətinə qarşı açılan iddiada ifadə verməsi gözlənilən Barnettin cəsədi məhkəməyə gəlmədikdən sonra tapılıb.

BBC-yə verdiyi açıqlamada Çarleston bölgəsindən bir məhkəmə tibb işçisi, “Boeing” şirkətinin fabriklərində təhlükəsizlik pozuntularına diqqət çəkən Barnettin avtomobilində “başına atəş açılmış vəziyyətdə” tapıldığını qeyd edib.

“Beoing”  2017-ci ilə qədər şirkətdə çalışan Barnettin vəfatından kədərləndiyini açıqlayıb.

2019-cu ildə Con Barnett “787 Dreamliner” tipli sərnişin təyyarəsində kabin təzyiqinin qəfil enməsi halında sərnişin oturacaqlarındakı oksigen maskalarını avtomatik işə salan sistemlərin əksəriyyətində istehsal qüsuru olduğunu iddia etmişdi.

“Boeing”də 32 il işləyən Barnett 2016-cı ildə şirkətin Cənubi Karolinadakı fabrikində işləyərkən 787 “Dreamliner”də keyfiyyətə nəzarət testlərində təcili oksigen sistemlərinin 25 faizinin düzgün işləmədiyini aşkar edib, oksigen maskalarının doğru zamanda çıxarılmadığını təsbit etdiyini açıqlayıb.

Barnett qeyd edib ki, o, sözügedən sistemlərdəki istehsal qüsurunu anlamaq üçün əlavə sınaq tələb edib, lakin onun tələbi “Boeing” rəhbərləri tərəfindən bloklanıb.

2017-ci ildə ABŞ Federal Aviasiya Komissiyasına (FAA) şikayət etdiyini bildirən Barnet qurumun həll yolu üçün addım atmadığını iddia edib.

“Boeing” haqqında bir çox iddialar irəli sürən Barnett keçmişdə BBC-yə bildirib ki, işçilər bütün fabrikdə hissələri izləmək üçün prosedurlara əməl etməyiblər və qüsurlu hissələrin itirilməsinə icazə veriblər.

Barnett bəzi hallarda istehsal xəttində gecikmələrin qarşısını almaq üçün hurda qutularından keyfiyyətsiz hissələrin çıxarılaraq tikilən təyyarələrə quraşdırıldığını söylədi.

Barnett həmçinin iddia edirdi ki, “Boeing” 787-yə quraşdırılacaq fövqəladə oksigen sistemləri ilə bağlı sınaqlar 25% uğursuzluq dərəcəsi göstərdi, yəni hər dörd təyyarədən biri real həyatda fövqəladə vəziyyətdə buraxıla bilməyəcək.

Barnett menecerləri narahat etdiyi barədə xəbərdar etdiyini, lakin heç bir tədbir görülmədiyini söyləyib.

 

Gununsesi.info