
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Qəzza zolağında hərbi əməliyyatların yenidən başlamasını fəlakət kimi qiymətləndirib.
Gununsesi.info xəbər verir ki, müvafiq bəyanatında o, münaqişənin bütün tərəflərini və onlara təsir edən ölkələri blokadada olan regionda dərhal atəşkəsə nail olmaq üçün ikiqat səy göstərməyə çağırıb.
BMT-nin ali komissarı İsrailin siyasi və hərbi liderlərinin eksklavda hücum əməliyyatlarının genişləndirilməsi və intensivləşdirilməsi planları ilə bağlı son bəyanatlarından dərin narahatlığını ifadə edib.
Volker Türk 7 oktyabrdan bəri Qəzza zolağında minlərlə insanın öldürüldüyünü və bu gün minlərlə insanın eyni aqibətlə üzləşə biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, digərləri Qəzzanın onsuz da sıx olan ərazilərinə məcburi köçkün edilmə riski ilə üzləşiblər.
“Vəziyyət böhrandan kənara çıxır”, – BMT-nin Ali Komissarı qeyd edib.
O, həmçinin vurğulayıb ki, beynəlxalq humanitar hüquqa əsasən, İsrail “işğalçı dövlət” olaraq Qəzza əhalisinin qida, su və tibbi xidmət kimi əsas ehtiyaclarının ödənilməsini təmin etməlidir.
“Bütün tərəflərə Qəzza zolağında ehtiyacı olan mülki şəxslərə humanitar yardımın sürətli və maneəsiz çatdırılmasına imkan və yardım etmək öhdəliyini xatırladıram”, – məlumatda deyilir.
Türk zorakılığın dərhal dayandırılmasını, qalan bütün məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini və sıx məskunlaşan ərazilərdə geniş mənzilli silahların istifadəsinin dayandırılmasını tələb edib.
Gununsesi.info