BMT Azərbaycana 2 milyon dollar ayırdı

  • By arzu
  • 02 Fevral 2021 14:28

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

 

Bu barədə fevralın 2-də BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.

Bildirilir ki, vəsait BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycan hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələrinə əsasında ayrılıb. Vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasını, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsini, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasını, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsini dəstəkləyəcək.

Gununsesi.org