SUBARDİNASİYA! – Jalə Mütəllimova yazır…

  • By arzu
  • 02 Fevral 2021 17:41

İzin ver, regional idarə tikim… İzin ver, “zastava” tikim… İzin ver, Mərkəzi Bankın Baş İdarəsini yaradım… İzin ver, aeroport anbarı tikim… Beləcə, “izin ver” sədaları artır… Beyni iflas edir adamın. Və çıxıb efirdə deməli olur ki, əl çəkin, yerinizi, bilin, işinizi görün, vermirəm, vəssalam!..

* Əslində, bu günəcən olanların nəticəsi idi bu. Zaman-zaman edilən xəbərdarlıqların kuliminasiyası da sayıla bilər olanlar. Yəni, hər şey indi və bu gün baş verməyib. Buna keçmiş məcbur edir. Bu aydın sabah üçün keçmişin tələbidir. İllərdir Azərbaycanın bir də o problemi var ki, ifrat səbir nümayiş etdirildi. İyirmi ilə yaxındır, siyasi liderin yanında fağır görkəmdə duranlar, dövlətin qanın sorur, BÜDCƏDƏN. Rüşvətlə, korrupsiya ilə insanların “canını alıblar”.

İnsanlardan azdırlar, amma güclüdürlər, sağlamdırlar, maddi imkanları güclüdür. Birinci şəxsə zəng edəcək “qırmızı telefonları”, bərk oturmağa “qırmızı stolları” var. Odur ki, kürəkləri yerə gəlmir. Prezidentin fevralın 1-də AzTV-yə verdiyi müsahibəsində adıçəkilən, Fövqəladə Hallar nazirimi, Sərhəd Qoşunları komandanımı, ölkənin baş bankirimi, baş suçusumu, baş torpaq satanımı belədir təkcə, əsla?!. Ölkədə onların balaca formasında adamlarla doludur.

İndi təxminən belədir mənzərəmiz. İnsanlar gücdən düşmüş, ac, kasıb, yorğun. Məmurlar bəzəkli, varlı və kef içində.  Və o qədər səlahiyyət veriblər ki, özlərinə, izin istəyirlər rəhbərdən. İzn ver, tikək… Yəni, biz də Qarabağda biznes başlayaq, qazanc əldə edək, bu tərəflərdən daha bir nəmənə çıxmır. Finimizdən mirasdır.

Peyğəmbər deyib ki, üç şeyə sahib duracaqsan. Əlinə, belinə, dilinə…Yəni, oğrulamayacaqsan, əxlaqsızlıq etməyəcəksən, satqınlıqdan qaçacaqsan… Bunlarsa imandan gələn üç qadağanın yeni məkbətini qurub. Hər şeyin əksini edən məmur ordusu yetişdirirlər.

* Diqqət edirəm, biz də cəmiyyət olaraq durumu duyğusal dəyərləndiririk. Son çıxışında Prezident təkcə sadaladığı “adamyeyən” məmurlara yox, bütün cinahlarda, kabinetlərdə, vəzifələrdə oturanlara həm də onu deyir ki, yetər, ciddi SUBARDİNASİYANI gözləyin! Yəni, “izin ver” dövrü keçdi artıq. Subardinasiya gözləmək şərtdir, vacibdir, lazımdır, vəssalam!

Hərdən bilirsinizmi nə düşünürəm? Bir mənzərə yaranır qarşımda, bu məmurlara indidən belə də yer verilsə, Qarabağda onların bahalı obyektlərində nökər, fəhlə, ofisiant işləyən çox qazi əsgər, şəhid ailəsi, ata-anası, balası görəcəyik. Bəlkə orden mesalaarı da elə yaxalarından asılı olacaq. Bu mənzərə təbii ki, yırtıcı məmurun eyninə olmaz. Niyə? Onlar belə tərbiyə olunub, belə yaşayıb, belə ömür sürüblər, axı. Ayağı baş eləməyi yaxşı bacarırlar. Odur ki, indi ölkədə çox şey baş-ayaqdır. Bir o yaxşıdır ki, deyəsən, başlar da, ayaqlar da yerini tapır asta-asta. Nə deyək, təki…

 

Jalə Mütəllimova

Gununsesi.org