Belçika və Hollandiyada “Rusiya” ƏMƏLİYYATI: 6 nəfər saxlanıldı

Belçika və Hollandiyada Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmaq və qadağan olunmuş məhsulların ticarəti ilə məşğul olmaq ittihamı ilə ümumilikdə 6 nəfərin saxlanıldığı bildirilib.

Gununsesi.info xəbər verir ki, Belçika Federal Prokurorluğundan yayılan yazılı açıqlamada ABŞ-dan alınan kəşfiyyat məlumatı ilə Belçikanın Knokke-Heist və Eeklo, Hollandiyanın Rotterdam və Sluis şəhərlərində eyni vaxtda axtarış aparıldığı bildirilib.

Açıqlamada Belçikada 4, Hollandiyada isə 2 nəfərin embarqo tətbiq edilən ölkələrə həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən mikroçiplər, akselerometrlər və turbin mühərrikləri kimi “həssas” material və texnologiyaları ixrac etməkdə şübhəli bilinərək saxlanıldığı vurğulanıb.

İstintaqla bağlı əlavə məlumat verilməyib.

Aİ Ukraynadakı müharibədən sonra Rusiyaya qarşı indiyədək 11 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən neft və kömür, qızıl daxil olmaqla, geniş məhdudiyyətlər tətbiq edilib.

Gununsesi.info