
ABŞ prezidenti Co Bayden İsrailin Qəzzaya hücumlarının çox qəddar olduğunu deyib. “Qəzzada çoxlu günahsız insanlar aclıqdan ölür və buna son qoyulmalıdır”, – deyə o bildirib.
Gununsesi.info xəbər verir ki, ABŞ prezidenti Bayden proqrama son anda əlavə edilən canlı yayımda Ağ Evdə kameralar qarşısına keçib.
Xüsusi səlahiyyətli prokurorun hesabatını şərh edən Bayden Qəzzadakı son vəziyyətə toxunub. O, ABŞ administrasiyasının bu istiqamətdə səylərindən danışıb.
Bayden, 7 oktyabr hücumlarından sonra İsrailin Qəzzaya hücumlarına bu sözlərlə müraciət etdi: “Məncə, Qəzzada hərbi reaksiya çox qəddar oldu”.
Co Bayden bildirib ki, o, region ölkələri ilə dəfələrlə Qəzzaya daha çox humanitar yardım göndərilməsi məsələsini müzakirə edib. Onun sözlərinə görə, o, İsrailin baş naziri Benyamin Netanyahunu buna inandırmağa çalışır.
Bayden çıxışında Meksika və Misir prezidentlərini qarışdırıb.
“Meksika prezidenti Sisi əvvəlcə humanitar yardımın keçməsi üçün qapıları açmaq istəmədi, mən onu inandırdım. Mən də Bibini (İsrailin baş naziri Benyamin Netanyahu – red.) İsrail tərəfində açmağa razı etdim. Mən çox çalışdım ki, humanitar yardım Qəzzaya çatsın. Qəzzada nə qədər günahsız insan aclıqdan ölür, çoxlu qurbanlar var, insanlar dərddədir. Buna son qoyulmalıdır”, – deyə o bildirib.
İsrail və HƏMAS arasında mümkün məhbus mübadiləsi razılaşması ilə bağlı Bayden deyib: “Mən də atəşkəs və əsir mübadiləsi razılaşması üzərində çox çalışıram. Mən Qəzza zolağında davamlı atəşkəsə nail olmaq üçün çalışıram”.
Gununsesi.info