
Avropa Şurası Parlament Assambleyasının Azərbaycana səfər edən həmməruzəçiləri – Yan Liddell-Qreyncer və Liz Kristoffersen səfərlərinin yekunlarında bəyanat yayıb.
Həmin bəyanatda Azərbaycanda insan hüquqlarının vəziyyəti təndiq edilib.
Onlar ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını bəyan edib. Həmruzəçilər, həmçinin hökuməti “Siyasi partiyalar” haqqında və “Media haqqında” qanunlara Venesiya Komissiyasının tövsiyyələri ilə yenidən baxmağa çağırıb.
Milli Məclisin deputatı Azay Quliyev Gununsesi.info-ya açıqlamasında həmməruzəçilərin fikirlərinə münasibət bildirib.
Azərbaycanda demokratik azadlıqlarının məhdudlaşdırılması barədə fikirləri qəbul etmədiyini deyən Azay Quliyev bildirir ki, həmməruzəçilərin dedikləri qəbuledilməzdir:
“Əlbəttə ki, bu fikiri qəbul etmək mümkün deyil. Çünki, heç kimə qadağa yoxdur. Hər bir şəxs qanunvericiliyi müəyyən etdiyi çərçivədə sərbəst şəkildə toplaşa bilər. Bütün bunların hamısı əsası olmayan iddialardır.
Həm “Siyasi Partiyalar haqqında” qanuna, həm də “Media haqqında”qanunlara gəlincə, bu qanunlar Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə tam şəkildə uyğundur: “Hər hansı bir beynəlxalq təcrübəyə zidd deyildir. Biz bunu dəfələrlə regional formada müzakirə etmişik. Heç bir ciddi arqument eşitməmişik ki, bu məsələnin səbəbə görə biz bu qanunda dəyişiklik etməliyik. Düşünürəm ki, bütün bunlar ümumi sözlərdir. Bu iradı irəli sürənlər özləri də belə məsələnin mahiyyətinə tam şəkildə müdaxilə edə bilmirlər. Yaxud, məsələnin mahiyyətini olduğu kimi dərk etmirlər. Əlbəttə ki, bu da müəyyən mənada bizi çox təəssüfləndirir”.
“Əgər bu qanunlar beynəlxalq standartlara cavab verirsə, o zaman nədən Venesiya Komissiyası mənfi rəy verib” sualına Azay Quliyev belə cavab verib:
” Mən də bdemək istəyirəm ki, Venesiya Komissiyasının verdiyi rəy nədən ibarətdir və bunun gəldiyi nəticənin də əsasında nə durur? Bu bəlli deyil. Mən bununla tanış deyiləm. Ancaq istənilən halda deyə bilərəm ki, hər iki qanun sistemli fəaliyyətin təşkil olunmasına, şəffaflığının artırılmasına xidmət edən qanunlardır. Təcrübə də bunu göstərdi ki, həqiqətən də bu gün hər hansı bir qanun edildikdən sonra bu sahələrdə keyfiyyət dəyişikliyi baş verir. Əsassız və ciddi dəstəyi olmayan təşkilatlar məntiqi olaraq öz fəaliyyətinə yenidən baxır və Azərbaycanda həqiqətən də ideoloji əsaslarla müəyyən bir siyasi tezisləri özündə əks etdirən şəxslərin qurduğu partiyaların yeni imkanlar yaradır. Bu mediaya da aiddir. Hesab edirəm ki, yeni qanunvericilik müsbət baxımından yadda qaldı və gələcəkdə hər iki qanunvericiliyə təkmilləşdirilmə baxımından yanaşmalar ola bilər. Düşünürəm ki, indiki halda Avropa Şurasının səsləndirdiyi bu rəy və təkliflər ciddi bir arqumentə söykənmir”.
Şəbnəm Rəhimova
Gununsesi.info