Xəbər verildiyi kimi, Milli Məclisin (MM) dünənki iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilib.
MM-in işçi qruplarının sayı 60-dan 82-yə çatdırılıb.
Bununla yanaşı, MM-in beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin rəhbərləri və tərkibləri də müəyyənləşdirilmək üzrədir.
Bu prosesdə də dəqiqləşdirmələr, kimlərin hansı nümayəndə heyətlərində təmsilşiliyi məsələsi sona çatmaq ərəfəsindədir.
Gununsesi.org xəbər verir ki, bunu etikxeber.az-a açıqlamasında MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da dilə gətirib.
Qeyd edib ki, nümayəndə heyətləri ilə bağlı dəqiqləşdirmələr başa çatdırıldıqdan sonra onlar da açıqlanacaq.
Komitə sədri əlavə edib, 2003-cü ildən bu yana rəhbəri olduğu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti ilə də bağlı dəqiqləşdirmələr yekunlaşmaqdadır.
Çünki bu ayın 30-da AŞPA-nın onlayın iclası (sessiyası) keçiriləcək və həmin vaxt kimi, sənədlər Avropa Şurasına təqdim olunmalıdır.
Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində 12 millət vəkili təmsil olunur.
Onlardan 4-ü MM-də çoxluğu təşkil edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 4-ü bitərəflərin, 4-ü isə parlamentdə azlıqda qalan partiyaların təmsilçisidir.
Xatırladaq ki, 5-ci çağırış MM-in sonlarında Azərbaycanı AŞPA-da bu millət vəkilləri təmsil edib: Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Naqif Həmzəyev (YAP), Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Çingiz Qənizadə və Elşad Həsənov (bitərəf), Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Fazil Mustafa.
Eyni zamanda, həmin millət vəkillərindən 6-sı əsas (daimi) heyətdə, 6-sı isə əvəzedici heyətdə təmsil olunublar.
Onu da qeyd edək ki, adıçəkilən şəxslərdən ikisi-Elşad Həsənov və Çingiz Qənizadə artıq deputat mandatı daşımırlar.
Həmçinin, əsas heyətin aparıcı üzvlərindən olan professor Sahibə Qafarova MM-in sədri seçildiyi üçün artıq onun AŞPA-da təmsilçiliyi real deyil.
Odur ki, ən azı bu şəxs başqa, yeni millət vəkilləri ilə əvəzlənəcklər.
Bununla yanaşı, yerdə qalan 9 nəfərdən də bir neçəsinin başqaları ilə əvəzlənməsi istisna olunmur.
Bu yerdə xatırlatmağa dəyər ki, MM-in rəhbərliyində və rəhbər orqanlarında edilən dəyişikliklərlə bağlı AŞPA-dakı nümayəndə heyətində də bölgü prinsipi dəyişə bilər.
Bəs görəsən, kimlər həmin 3 nəfərin və nümayəndə heyətində əvəzlənməsi gözlənilən başqa bir neçə şəxsin yerinə seçilə bilər?
Ehtimallara görə, ilk dəfə millət vəkili seçilənlərdən “Qarabağ İcma”sının rəhbəri Tural Gəncəliyevin (onun ATƏT PA-dakı nümayəndə heyətində də təmsilçiliyi, sədr və sədr müavini olması da istisna deyil), MM-in Azərbaycan-Fransa Dostluq Qrupunun yeni rəhbəri Soltan Məmmədovun, YAP-dan olan millət vəkili Ramin Məmmədovun, bitərəflərdən Nigar Arpadari və ya Sevil Mikayılovanın AŞPA-dakı nümayəndə heyətində təmsilçilikləri daha çox mümkün və daha real görünür.
S. Məmmədovu çıxmaqla, digər 4 millət vəkili həm də MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləridir.
Eyni zamanda, onların hamısı MM-in parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləridir.
Son olaraq, AŞPA-dakı nümayəndə heyəti ilə bağlı bunlar hələlik ilkin ehtimallardır və bu baxımdan, adların dəyişməsi də mümkündür…
COMMENTS