
Bu gün Bakıda Avropa İttifaqının maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Cəmiyyəti Forumunun (ŞTVCF) təşkilatçılığı ilə “Regional Sabitlik və İnkişaf Naminə Əməkdaşlıq” mövzusunda konfrans keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, Avropa İttifaqının Bakıdakı səfirinin, Aİ-yə üzv olan dövlətlərin diplomatlarının, vətəndaş cəmiyyəti qurumlarının və media rəhbərlərinin iştirakı ilə keçirilən konfrasda Azərbaycanda vətəndaş cəmiyyətinin durumundan danışılıb.
Tədbirin aparıcısı Şərq Tərəfdaşlığı Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının ölkə əlaqələndiricisi Şəhla İsmayıl Azərbaycanın Aİ ilə əməkdaşlığı haqqında danışıb.
O, bu əməkdaşlığın irəliyə gedə bilməməsi üçün ortaya çıxan problemləri də xüsusi vurğulayıb.
Onun sözlərinə görə, COVİD pandemiyası və sonradan Azərbaycan və Ermənistan arasındakı münaqişə vətəndaş cəmiyyəti qurumlarının aktiv fəaliyyətinə imkan verməyib.
Qarşıda bir sıra məsələrin olduğunu deyən Şəhla İsmayıl vətəndaş cəmiyyəti quruculuğu prosesində Aİ- ilə əməkdaşlığa geniş yer verilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Aİ-nin ölkəmizdəki səfiri Piter Mixalko Azərbaycanla təmsil etdiyi qurumun əməkdaşlığından danışıb.
O, bildirib ki, Azərbaycanın Aİ ilə yaxınlaşması üçün bir sıra məsələlər v ar ki, onlar da həllini tapmalıdır. Səfir buna nümunə olaraq, qrant qanunverciliyinə yenidən baxılmalı olmasının vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon bildirib ki, yanvardan etibarən Aİ-yə sədrlik İsveçə keçəcək.
O , ölkəsinin Aİ-yə sədrlik müddətində bir sıra prioritetlərinin olduğunu deyərək, bildirib ki, onlar arasında Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığın genişləndirilməsidir: ““İsveç əhalisinin yarısı vətəndaş cəmiyyəti prosesinin mühüm iştirakçılarıdır. Bizim insanlar ayda 20 saatını bu işə sərf edir. hökumətin qərarlarının qəbulunda vətəndaş cəmiyyəti qurucularının mühüm rolu olur. İsveç Avropa İttifaqında növbəti dövr üçün sədrliyə başlayır. Biz Azərbaycanda da bu məsələyə diqqət edəcəyik. İsveç Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti quruculuğuna dəstək verəcək”.
Tədbirdə çıxış edən Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli, siyasi fəal Bəxtiyar Hacıyev, Demokratiya Monitorunun rəhbəri Fuad Həsənov və tanınmış fəal Ziya Quliyev ölkəmizdə vətəndaş cəmiyyəti sahəsindəki mövcud durumdan danışıb.
Natiqlər Aİ səfirininin diqqətinə həllini gözləyən məsələləri çatdırıblar.
Günay
Gununsesi.info