
Yeni dərs ilinin başlanması ərəfəsində kirayə mənzil bazarında canlanma yaranıb. Bildiyimiz kimi, Bakının bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində bahalaşma müşahidə edilir. Ancaq evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıblar. Azərbaycanda əksər hallarda mənzil kirayə götürənlə, kirayə verən arasında rəsmi müqavilə imzalanmır. Çox halda ev sahibləri kirayə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili kirayənişinə verirlər.
Bəs, bu nə kimi problemlərə səbəb ola bilər?
Məsələ ilə bağlı Gununsesi.info – ya danışan Əmlak Ekspert Mərkəzinin (ƏEM) direktoru Ramil Osmanlı bildirib ki, kirayə mənzil bazarında qiymətlərin artımı demək olar ki, bütün ilboyu davam edir:
“Əvvəllər bir neçə il bundan qabaq yalnız mövsüm ərzində baş verirdisə, indi artıq bütün ilboyu biz bunu müşahidə edirik. Səbəbləri də bəllidir. Bir tərəfdən xüsusilə ucuz evlər üzrə təklif portfeli azalır, tələb isə yüksəkdir, bu tərəfdən tələb və təklif arasında yaranan müəyyən qeyri-adi adekvat vəziyyət problem yaradır.
Eyni zamanda şəhərsalma tədbirləri, infrastruktur layihələrin icrası ilə bağlı olaraq, paytaxtın müxtəlif ərazilərində, istər köhnə sovet dövründən qalma yaşayış binalarının, istərsə də, bir və ikimərtəbəli fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin sürətli şəkildə sökülməsi prosesi baş verir. Bu da nəticə etibarı ilə ucuz mənzilə ehtiyacı olan təbəqə üçün mənzil tapılmasında ciddi problemlər yaradır. Belə olan şəraitdə təbii ki, tələb yüksəkdir, təklif isə aşağıdır, bu isə qiymətlərin artımına gətirib çıxarır.”
Əmlak ekspertinin sözlərinə görə, təqribən 2 ay əvvəlki rəqəmlərlə müqayisədə 20 faizlik qiymət artımı müşahidə olunub:
“Bu məsələlərin bilavasitə tələbələrlə bağlılığına gəldikdə bilirsiz ki, Bakıya təhsil almaq üçün gələn tələbələrin müəyyən hissəsi, hətta deyərdim böyük bir hissəsi, təhsilini başa vurduqdan sonra öz doğma rayonuna qayıtmır, əksər hissəsi paytaxtda və ya paytaxta yaxın ərazilərdə – Abşeron yarımadasında işləməyə üstünlük verirlər. Belə olan şəraitdə təbii ki, yeni gələn tələbə kontingenti üçün mənzil tapılmasında müəyyən problemlər yaranır. Ucuz mənzillərin sayı sürətlə azaldığına, eyni zamanda tələbə yataqxanalarının , kampusların sayı məhdud olduğuna görə, bu da bir tərəfdən problem yaradır”.
Ekspert vurğulayıb ki, müqavilə məsələsi Azərbaycanda hələlik formalaşmayıb:
“Səbəbləri müxtəlifdir. Bunun əsas səbələrindən biri də Azərbaycan Qanunvericiliklə nəzərdə tutulmuş ödəmə mənbəyindən 14 faizlik vergi məbləğinin faiz dərəcəsinin yüksək olması ilə bağlıdır. Hesab edirəm ki, fiziki şəxslər üçün ödəmə mənbəyindən vergi məcəlləsində müəyyən güzəştlərə gedilməli, dəyişikliklər edilməlidir. Bu təbii ki kirayə qiymətlərinin artımına gətirib çıxarır. Hesab edin ki, 500 manatlıq mənzili kirayə verən şəxs, əgər müqavilə bağlayırsa, burada artıq 14 faizlik ödəmə mənbəyindən vergini hesablasaq, əlavə 70 manat xərc deməkdir. Üstəlik, burda aparılan notariat əməliyyatların xərci və sair xərclər var. Ona görə də, vətəndaşlar bir çox hallarda bu cür əqdlərin imzalanmasında maraqlı olmurlar. Nəticə etibarı ilə Azərbaycanda kirayə müqavilələrinin kirayə üzrə öhdəliklərin rəsmiləşdirilməsində ciddi problemlər yaradır.
Təsəvvür edin ki, məsələn, mülkiyyətçi öz mülkiyyətində olan əmlakı kiməsə kirayə vermək istəyirsə, tutaq ki, onun hansısa bir qohumu təsadüfən qeydiyyata düşübsə, həmin qeydiyyatda olan şəxsin notariusda razılığı tələb olunur. Vətəndaş evini kirayə verirsə, həmin şəxs gəlib razılıq ərizəsi verməlidir. Bu da əlavə bürokratik əngəllər yaradır”.
Günel Həsənova
Gununsesi.info