Azərbaycan–NATO münasibətləri bu gün də regional təhlükəsizlik və müdafiə əməkdaşlığının vacib istiqamətlərindən biri olaraq qalır. Azərbaycan son illərdə xüsusilə sülhməramlı əməliyyatlarda iştirak, logistika dəstəyi və təhlükəsizlik sektorunun modernləşdirilməsi sahələrində Alyansla əməkdaşlığını davam etdirir.
Ukrayna müharibəsi sonrası dəyişən geosiyasi reallıqlar, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması, həmçinin Azərbaycan–Ermənistan sülh prosesində baş verən irəliləyişlər NATO ilə dialoqu daha da aktual edib.
Bu fonda Azərbaycanın balanslaşdırılmış siyasəti, həm NATO ilə tərəfdaşlıq, həm də regional təhlükəsizlik təşəbbüslərində aktiv rolu diqqət çəkir.
Hazırkı geosiyasi şəraitdə Azərbaycan–NATO münasibətlərinin prioritet istiqamətləri hansılardır və bu əməkdaşlıq regiondakı təhlükəsizlik balansına necə təsir göstərir?
Mövzu ilə bağlı Gununsesi.info ya danışan politoloq Həşim Səhrablı vurğulayıb ki, NATO üçün Azərbaycanla işləmək Cənubi Qafqazı daha yaxşı öyrənmək, regionda yaranan neqativ halları vaxtında aşkar etmək və onlara qarşı tədbirlər görmək baxımından effektiv hesab olunur:

“Bu gün Azərbaycan və NATO münasibətlərindən danışırıqsa, ilk növbədə düşünülməli olan məsələ sırf təcrübə mübadiləsi və iki tərəf arasındakı koordinasiyalı münasibətlərin qorunub saxlanılmasıdır. Hazırda Azərbaycanın NATO-ya qoşulması və yaxud da NATO-nun Azərbaycanı üzv dövlətə çevirməklə Şərqə doğru genişlənməsi kimi məsələlər ümumiyyətlə müzakirə mövzusu deyil. Burada söhbət yalnız strateji tərəfdaşlıqdan, təcrübə mübadiləsindən, tərəflərin ümumi təhlükəsizlik məsələləri ilə bağlı birgə fəaliyyətindən gedir.
Bu əməkdaşlığın regional təhlükəsizliyə necə təsir göstərməsi məsələsinə Azərbaycan mövqeyindən yanaşdıqda, NATO kimi spesifikləşmiş və dünyanın ən mötəbər hərbi qurumunun təcrübəsini öyrənmək — xüsusilə terrora qarşı mübarizə və digər fövqəladə hallar üzrə təcrübələrin mənimsənilməsi — mövcud imkanların artırılması və təkmilləşdirilməsi baxımından əhəmiyyətli hesab edilir. Bu, həm də dünya standartlarının daha yaxşı mənimsənilməsi baxımından Azərbaycan üçün ciddi üstünlüklər vəd edir.
NATO nöqteyi-nəzərindən yanaşdıqda isə təşkilat nə qədər çox tərəfdaş toplasa və Cənubi Qafqazın əsas dövləti kimi Azərbaycanla əməkdaşlığını davam etdirsə, bölgədə üzv dövlətlərə və ümumi qlobal təhlükəsizliyə qarşı yarana biləcək təhdidlərin neytrallaşdırılması, mövcud risklərin vaxtında araşdırılması və onlara qarşı müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yeni üstünlüklər qazanır. Cənubi Qafqaz geosiyasi mövqeyinə görə dünyanın ən strateji bölgələrindən biri kimi qiymətləndirilir. Bu region uzun illərdir etnik zəmində münaqişələrin müşahidə olunduğu və gərginlik xəttinin davam etdiyi bir məkan kimi tanınır.
Məsələn, Gürcüstan və Rusiya arasındakı problem, eləcə də Azərbaycan–Ermənistan münasibətlərində hazırda sülh quruculuğu istiqamətində ciddi addımlar atılsa da yekun sülhün hələ əldə edilməməsi, NATO-nun diqqətində olan əsas məsələlərdəndir. Eyni zamanda, ölkələrin daxilində etnik müxtəlifliyin çox olması da riskləri artırır. Gürcüstandakı bölücülük və separatizmin əsas səbəbləri də məhz etnik münaqişələrdən qaynaqlanır. Bu səbəblərdən NATO üçün Azərbaycanla işləmək Cənubi Qafqazı daha yaxşı öyrənmək, regionda yaranan neqativ halları vaxtında aşkar etmək və onlara qarşı tədbirlər görmək baxımından effektiv hesab olunur.”
Politoloqun sözlərinə görə Azərbaycan isə Cənubi Qafqazın təhlükəsizliyi məsələsində kimlənsə bərabərhüquqlu şəkildə fəaliyyət göstərmək əvəzinə, öz maraqlarından çıxış edərək mövqelərini və maraqlarını qorumağı prioritet sayır:
“Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycan hərbi, siyasi və iqtisadi sahələrdə heç bir təşkilata qoşulmamaqla tərəfsiz dövlət statusunu saxlayır və bütün tərəflərlə qarşılıqlı əməkdaşlığa önəm verir. Bu da Azərbaycan–NATO münasibətlərində yeni imkanlar yaradır və hər iki tərəfin maraqlarına tam uyğun gəlir”.
Gülxanım Əliyeva













