Ölkədə son dövrlər bir sıra qəzetlərin fəaliyyətini dayandırması ictimai müzakirələrə səbəb olub.
Rəqəmsal medianın sürətli inkişafı, oxucu vərdişlərinin dəyişməsi və reklam bazarının zəifləməsi ənənəvi mətbuatı çətin vəziyyətə salıb.
Təhlilçilər hesab edirlər ki, bu proses yalnız iqtisadi deyil, həm də informasiya müstəvisində təhlükə yaradır.
Gununsesi.info -ya danışan siyasi ekspert Zeynal Əmrəliyev bildirib ki, qəzetlərin satılmamasının əsas səbəblərindən biri onların maarifləndirici xarakter daşımamasıdır.

O qeyd edib ki, insanlar bu gün xəbərləri əsasən sosial şəbəkələrdən əldə etdiklərinə görə, qəzet almağa maraq göstərmirlər:
“İnsanlar artıq sadəcə xəbər almaq üçün qəzet oxumur. Onsuz da xəbəri biz oxuyuruq, digərləri isə sosial şəbəkələrdən əldə edir. Adam niyə qəzet alıb oxusun? Bir qəzetdə maraqlı təhlil, fərqli yanaşma, köşə yazısı görmürük. Bir gənc politoloq kimi deyirəm, həmkarlarımdan birinin – yaşlı və ya gənc fərqi yoxdur – köşəsi olan qəzet çıxarsa, alıb oxuyaram. Mən bir neçə dəfə qəzetlər almışam. Məsələn, Yeni Müsavat qəzetində köşə yazıları və təhlillər var, amma ora da yeni çağırışlar, yeni qələmlər cəlb edilməlidir.”
Ekspert hesab edir ki, maraqlı yazarların iştirakı qəzet satışını artıra bilər:
“Vallah, imkanım olsa, 20 nəfər müxbir saxlamaq əvəzinə 5 nəfər müxtəlif sahələr üzrə maraqlı qələm sahibinə qonorar verib köşə yazdıraram, qəzet bal kimi də satar. Məsələn, Kəramət Böyükçöl hansısa qəzetdə köşə yazarı olsa və gündə bir post paylaşaraq ‘bu gün qəzətdəki köşəmdə bu məsələyə toxunmuşam’ desə, bu, qəzet satışını partladar”.
Zeynal Əmrəliyev həmçinin qeyd edib ki, bu gün media rəhbərlərinin özlərinin qəzetə marağı qalmayıb:
“Hamı çalışır ki, televiziyaya keçsin. Kim media sahəsinə başlayırsa, internet televiziyasına yönəlir. Şəxsən mən çox istərdim ki, gələcəkdə müxtəlif maraqlı qələm sahiblərinin bir araya toplandığı bir qəzet və ya jurnal çıxarım. Bu, gələcək deməkdir, arxiv deməkdir. Heç olmasa gələcəkdə imzamız qalardı”.
Şəbnəm













