Azərbaycan Ermənistandan göndərilən yükü Qarabağa buraxmayıb

İyulun 26-da axşam 19 yük maşını Laçın dəhlizinin girişinə çatıb, ancaq saatlarla orada qalıb. Bakı yükü dəhlizə buraxmayıb.

Azərbaycan özünün Qarabağ bölgəsinə Ermənistandan göndərilən ərzaq yardımını Laçın dəhlizinə buraxmayıb.

Gununsesi.info xəbər verir ki, bu haqda AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun” xəbər verir.

İyulun 26-da axşam 19 yük maşını Laçın dəhlizinin girişinə çatıb, ancaq saatlarla orada qalıb. Bakı yükü dəhlizə buraxmayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan humanitar yükün göndərilməsini Twitter-də belə əsaslandırmışdı:

“Biz Dağlıq Qarabağ ermənilərinin hazırda üzləşdiyi vəziyyətə göz yuma bilmərik. Dağlıq Qarabağa göndərilən 360 tonluq həyati əhəmiyyətli ərzaq sırf humanitar məqsədlərlə göndərilir”.

Azərbaycan bu ayın əvvəlindən Laçın nəzarət-buraxılış məntəqəsindən keçidi bağlayıb, bunu Ermənistandan gələn Qırmızı Xaç maşınlarında “müxtəlif növ qaçaqmal” aşkarlanması ilə əsaslandırıb.

Nəqliyyatın dayandırılması Qarabağda humanitar böhranla bağlı narahatlığı artırıb. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ötən həftə deyirdi ki, Qarabağ “aclıq həddindədir”. O, Bakıya beynəlxalq təzyiqi gücləndirməyə çağırmışdı.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

 

Gununsesi.info