AXCP fəalına hökm oxundu

  • By admin
  • 01 Aprel 2024 15:00

1 ilə yaxındır ki, həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Gununsesi.info-nun xəbərinə görə, aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, AXCP fəalı 5 il azadlıqdan məhrum edilib.

Bu hökmü Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası çıxarıb.

Prosessual qaydalara görə, təqsirləndirilən şəxslər məhkəmədə son sözünü deyəndən sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedir. Lakin Elxan Əliyev son sözünü deyə bilməyib. Çünki o, çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Lakin hakimlər ona çıxışa hazırlaşmağa və son sözünü deməyə imkan yaratmayıblar.

“Burada dedikləriniz elə son sözünüz kimi qəbul olunur”, – deyərək müşavirəyə gedən məhkəmə kollegiyası hökmü elan ediblər.

Hökmə əsasən, Elxan Əliyevlə birlikdə eyni ittihamla mühakimə olunan Vəfadar Axundov və Yusif Əliyevə isə şərti cəza verilib.

Vəfadar Axundov məhkəmə zalında həbsdən azad edilib.

Yusif Əliyev isə həbsdə deyildi, istintaq və məhkəmə dövründə onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəddən istifadə) maddələrilə ittiham verilib.

Cinayət işində Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsinin satışından bəhs olunur.

Zərərçəkmiş qismində tanınan Ramo Şükürov iddia edir ki, ona mülkiyyət sənədi olmayan, bələdiyyənin sərəncamıyla verilmiş torpaq sahəsi 57 min manata satılıb.

Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir.

Onlar bildirirlər ki, əvvəldən Ramo Şükürov özü də torpağın çıxarışının olmadığını, bələdiyyə sərəncamıyla verildiyini bilirdi.

Elmar

Gununsesi.info