
Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.
Məsələ isə bağlı Gununsesi.info-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, görüntülər dərhal araşdırılıb:
“Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib”.
AYNA analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.
***
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Gununsesi.info-ya açıqlama verib.
O bildirib ki, iş başında olarkən Tik-Tok sosial şəbəkəsində canlı yayım açan sərnişin avtobusu sürücüsü Cəmil Ələkbərov barəsində qanunamüvafiq tədbir görülüb.
Hazırda iş üzrə araşdırma davam etdirilir.
Qeyd edilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.