AŞ PA məruzəçisi əsir və mina xəritələrinin mübadiləsini alqışladı

AŞ PA-nın Ermənistan və Azərbaycan arasındakı hərbi qarşıdurmanın humanitar nəticələri üzrə məruzəçisi Paul Gavan 15 erməni əsirin sərbəst buraxılması müqabilində Ağdam bölgəsindəki 100 minə yaxın minanın əks olunduğu xəritənin Azərbaycana təhvil verilməsini alqışlayıb.

Bu barədə “Gununsesi.info”-ya AŞ PA-dan daxil olan press-relizdə bildirilib.

Məruzəçi qeyd edib ki, ötən il baş vermiş altı həftəlik müharibədən sonra qarşıdurmanın humanitar nəticələrini azaltmaq üçün bu istiqamətdə addımların atılması çox vacib idi. “Əsirlikdə hələ də qalan ermənilər, eyni zamanda Ağdamdan başqa minalanmış bölgələrin də xəritələri mövcuddur. Hər iki tərəfin müxtəlif beynəlxalq aktorların köməyi və dəstəyi ilə bundan sonra həll yollarını tapmağa çalışacaqlarını ancaq alqışlamaq lazımdır”-, deyə açıqlamda qeyd olunur.

Xatırladaq ki, Paul Gavan, 2021-ci ilin mayında Ermənistanda səfərdə olub. O yayda münaqişənin humanitar nəticələri barədə hesabatını tamamlamaq üçün Azərbaycana da gəlməyi planlaşdırır.
Gununsesi.info