Partlayışdan sonra beş dəqiqə gec ayılsaydım, yanacaqdım. - KƏLBƏCƏRDƏ MİNAYA DÜŞƏN MƏMUR YAŞADIĞI DƏHŞƏTİ QƏLƏMƏ ALDI

  • By admin
  • 11 İyun 2021 22:15

Bir neçə gün əvvəl  Kəlbəcərdə 3 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışından sağ qurtulan Kəlbəcər rayon icra hakimiyyətinin əməkdaşı Şöhrət Cəfərov dəhşətli hadisəni qələmə alıb.

Gununsesi.info Şöhrət bəyin qeydlərini təqdim edir:

Torpaqlarımız işğaldan azad olunur, hər gün irəliləyirik. Bütün ərazilərdən kəndlərin, qəsəbələrin adlar çəkilir, sevinirik, hönkürürük, bayram edirik, itgilərimizə üzülür, qələbələrimizlə təskinlik tapırıq. Bütün bunların fonunda, bir qulağım da Kəlbəcər haqqında məlumata səfərbər olub…

Nəhayət , o qarışıq, müəmmalı gecə Kəlbəcərin də azad olunacağını öyrəndik…

Haman tarixə kimi, iki dəfə komisarlığa getmişəm ki, məni də aparsınlar. Peşəkar Artleriyyaçı kimi hazır olduğumu demişəm, amma geri qaytarıblar. Sonuncu dəfə Oktyabrın 20 də Müdafiə Nazirliyinə rəsmi müraciət etmişəm; Döyüşlərə qatılmağa icazə vermirsinizsə, icazə verin hərbi jurnalist kimi cəbhəyə gedim. Cavab yenə də, “mümkün deyil” olub.

Buna baxmayaraq, hər gün özümü cəbhədə hiss edirdim, döyüşdə hiss edirdim;. Üzümdə qan, bədənimdə zədə gördüm…

Kəlbəcərin boşaldılması üçün, əlavə vaxt veriləndə içimdən xaç şəkilli bir sancı keçdi.

Uçunurdum kəndimizə sarı…

Nəhayət, ordumuz Kəlbəcərə də girdi. Hər gün nə vaxt gedəcəyimin, necə gedəcəyimin, gedib nə edəcəyimin xəyalını qurdum. Müəyyən bir müddət keçdikdən sonra, insanlar getməyə başladı. İşləri gərəyi gedənlərin bir çoxu xeyli video da çəkdilər, baxdıq. Daha da alovlandı yurd həsrəti, dönmək, o torpaqdan öpmək istəyi. Məni də dəvət etdilər, getmədim. Getmək imkanım oldu, amma imtina etdim. Çünki, öhdəliyim var idi. Qanunları poza bilməzdim. Öz məqamında getməliydim.

Həm də planım var idi. Kəlbəcərə Toğanadan ən azı, 50 nəfərlik piyada yürüyüş təşkil edəcəkdim. (edəcəyəm)
Amma iş elə gətirdi ki, yurduma ezam olundum. Dövlətin rəsmi icazəsi ilə Kəlbəcərə, Yanşaq kənd İcra nümayəndəliyinin üç kəndində – Yanşaq, Zallar, Yanşaqbinə kəndlərində media nümayəndələrinə  çəklişlərdə bələdçilik etmək üçün yola düşdük…

Ayın 29-dan xəbər verdilər ki, gedəcəksiniz, hazırlaşın.

Qəribə idi, uzun müddət yolunu gözlədiyim xəbərə reaksiyam normal deyildi. Çox sevinmirdim. Sevinirdim, amma qədərindənmi deyim, sandığımdanmı deyim, az idi bu sevinc. Sanki, qayıtmayacağımı düşünməyə başladım. Kəndimizlə bağlı xəyallarımın hər yoxuşunda mina var idi. İş stolumun üstünə bir ayrılıq şeiri də yazıb qoymuşdum ki, qayıtmasam iz olsun vəsiyyətimə. Çünki, iş otağımda vəsiyyət də var idi. Vəsiyyət deyəndə, ailəmə tövsüyyələrim, oğluma bir-iki tapşırıq, anamdan, xanımdan, qızımdan üzr istəmək və bir neçə əziz insanlara xahişlər var idi.

Borcların siyahısı, borclulara da pulları ailəmdən istəməməyi xahiş edib, iki-üç ay səbr etmələrini və borclarımın ödənəcəyini demişdim.

Hə, inanmırsınız? Həqiqətən, sanki, ssenari üzrə gedirdi hər şey.

Ayın 4 ü səhər saat 5 də Gəncədən çıxmağı planlaşdırdıq. İki günlük ərzaq götürdük. Həm özümüz üçün, həm də çəkliş qruppası üçün. Əti də nisyə aldım. Sonra əsgərlər üçün nəsə aparmalı olduğumu düşündüm. Amma heç nə almamışdım, 3 blok siqaretdən savayı. Axşam evdə dedim. Xanım qonşuları ayağa qaldırdı, 50 yə yaxın corab, şirniyyat və s. kiçik bir sovqat da düzəltdilər. Gecə saat 23:00 da dördümüz üçün kiçik bir çay süfrəsi açdıq. Cəfər də, Nilufər də axşamdan səhər onları da oyatmağı xahiş etdilər. Nilufər oyana bilmədi. Yarıyuxulu məni öpdü. Cəfər oyandı, yüklərə kömək etdi, aşağ düşdük. Soyuq uşaqdır. Boynuma sarılıb, üzümdən öpdü, uğur dilədi. Hələ, “kaş məni də aparaydın” – deyib, təəssüfləndi də…

Arif gəldi, yükləri qoyduq. Mənə həmişə , “əmoğlu” deyərdi. Dedi, əmoğlu, inanırsanmı ürəyim uçunur ey… (Arif həlak olan Susuzluq kənd İƏDÜ nümayəndənin müavini idi)

Yola düşdük,

Murovun dolaylarını necə qalxdığımızı hiss etmədik.
Yolda neçə dəfə Arifə xəbərdarlıq etdim ki, yavaş sür. Çox tələsirdi. Elə bilirdik ki, kəndimizə çatmaq üçün tələsirik…

Murovu Kəlbəcərə enəndə bizim kəndlərin yaylaqları, sonra da kəndlərimizdi; Zallar, Yanşaq, Yanşaqbinə.

Daşgələn yaylağını keçib, Pirqaya yaylağında dayandıq. Ac idik. Kəndimizin ağsaqqalı, eləcə də Kəlbəcərin hər cığırına bələd olan Səbuhi əmi çənə soyutması götürmüşdü. Çölçü adam başqadı. Qabı da bükmüşdü Bağayarpağına. 20 dəqiqəlik səhər yeməyindən sonra, gicitkən də yoluşdurub, bişmiş yeməkləri büküb, yola düzəldik. Kazım babamın yurd yerində – Meydançayda zəng gəldi. Çəkliş qrupunun rəhbəri Emin idi. Dedi, sizi Qamışlıda gözləyirik. Ol səbəb, babamın yurd yerində dayanmadıq. Hansı ki, ən görmək istədiyim, dizimi yerə qoyub daşından öpməyi arzuladığım yer idi. Onsuz da qayıdacağdıq deyə, keçdik. Zalları da maşından seyr edərək keçdik. Kəlbəcərə gedən yol, evimizə 100 metr aralıdan keçir. Evimizin qənşərində Arifə dedim, saxla, belə keçə bilmərəm. Düşdüm, düşdük. Səbuhi əmi də, sürücümüz Məsud da çatdılar. Düşən kimi, ikisi də mənim kövrəldiyimi görüb qucaqladılar məni. Evimizə baxdım, daha doğrusu, yerinə. Özümü axtardım, o cığırlarda, külə dönmüş məktəbimizin həyətində. Məktəbimizi də tanıyırsınız,şəklini paylaşmışdım. Dığalar çıxan günü kül etdilər. Biz məktəblə qonşu idik…
Yanşaqbinədən keçib, Qasımbinəsində Susuzluq kəndinə çıxan yola baxdıq. Çünki, Susuzluq nümayəndəliyi və Yanşaq nümayəndəliyi bir qrup idik. Çəklişlərdə də bir yerdə olmalıydıq. Yol bağlı idi. Kamil müəllim dedi ki, Çəplidən çıxarıq. Gəldik mətə yerinə. Qamışlıya. Çəkliş qrupu hələ gəlməmişdi. Əbəs yerə tələsmişdik. Sən demə, avtomobilləri xarab olubmuş. Bir saat sonra, hərbi Kamaz Avtobusla gəldilər. Görüşdük, danışdıq. Çəpli kəndindən Susuzluğa qalxmağı qərarlaşdırdıq.
Yanşaq komandasından Səbuhi əmi ilə, Məsud Çəplidə qaldı ki, nahar hazırlasınlar. Ariflə mən avtobusa mindik, Kamil ilə Emin sürücünün yanına…

Avtobusda Məhərrəm və Sirac var idi. Görüşdük, zarafatlaşdıq yol boyu. Sirac kefsiz idi. Sol tərəfdə qabaqdan ikinci cərgədə oturmuşdu. Avtobuz 3-4 dəqiqə idi yola düşmüşdü, sağa keçdi. Məhərrəm sağ ikinci cərgədə idi. Arif kəndə yaxınlaşdıqca həyəcanlanır, sağdan sola, soldan sağa keçib dağılmış evlərə baxır. Doğulub böyüyə bilmədiyi, 9 yaşında çıxdığı kəndinə qayıdırdı. Video çəkirdi, şərh verirdi; bu filankəs dayının evidir, bu filankəs əminin damıdır…

Arifə dedim, gəl keçək arxada oturaq. Dedi, niyə? Dedim, bu maşın minaya düşəcək. Sususluq ləhçəsiylə, “ayə, ağlınaələni danışma, ağzını xeyirriyə açıynan” dedi. Videoda düşüb bəlkə də.

Telefonunu tapmadılar. Keçdi sağ tərəfə kiminsə evini çəkməyə. Mən də soldan açılan möhtəşəm mənzərədən heyrətə gəlirdim. Hündür qayalıqları sıx meşə bəzəyirdi. Gözümün qabağına “Yaquar Caynağı” filmindəki mənzərə canlanırdı. Telefonu çıxardım ki, çəkliş edəm. Dar, daşlı yolda maşın atılıb düşürdü deyə yarımçıq saxladım çəklişi. Telefonu şalvarın sağ qabaq cibinə qoydum…

Gurultu və alov…

Gözümü açdım ki, maşının qəfəsəsi var. Çərçivələrin arasında məndən başqa heç kim və qara tüstü ilə alovdan başqa heç nə yoxdur. Bədənim kabinka tərəfdədi, ayaqlarım yoxdur. Hiss etmirdim. Qolumu sağımda gördüm, kurtkamdan tanıdım ki, mənimdir. Çünki, hiss etmirdim. Sol qolumu qaldırdım, işləyirdi. Sağ qolumu yoxladım ki, bədənimə bitişikdir. Toxtadım. Nəfəs almaqda çətinlik çəkirdim. Minaya düşdüyümüzü anladım. Gülümsədim. Vallah, gülümsədim. Axı bilirdim ki, minaya düşəcəm…
Bədənimin yarısının olmadığından, sağ qalmağıma üzüldüm. Düşündüm ki, yəqin, bir neçə dəqiqəyə ölərəm. Bu zaman məni sağ tərəfimdən alov sardı. Sol əlimlə çölə tərəf süründüm. Bədənimi qapıdan çölə ata bildim, amma ayaqlarım yox idi. Ağrı da hiss etmirdim.

Mən çölə çıxdığım anda, Kabinkadakılar da özlərini yerə atdılar və qaçmağa başladılar. Özümü toparlayıb, Kamili çağırdım. Üçüncü səslənişdə cavab verdi. Dedim, mən sağam, ayaqlarım yerindədirsə, məni çıxardın. Gəldilər. Əllərimdən tutub sürüdülər. Yenə soruşdum ki, qılçalarım yerindədi? Qaçırdılar. Çünki, maşın partlaya bilərdi. Alov güclənmişdi. Elə də oldu. Biz aralaşan kimi, ikinci partlayış oldu. Sürünən zaman, baxdım ki, ayaqlarım gəlir. Sevindim. Artıq özümə gəlirdim, ağrılar başladı, qolumu tərpədə bildim. Ayaqlarımı da hiss etməyə başladım…

Kamildən Arifi soruşdum. Dedi, bilmirəm, yoxdular. Yanındakılardan heç kim yoxdur…

Partlayışdan sonrakı hər şeyi xayırlayıram. Huşumu itirmədim. Əgər beşcə dəqiqə gec ayılsaydım, yanacaqdım.
Yanımda oturanların – Arifi, Məhərrəmi, Siracı – hər üçünü partlayış maşından ən azı 100 metr kənara atmışdı.

Ümumiyyətlə, bütün detalları ilə düşünürəm, o partlayışdan sağ və salamat qurtulmamın heç bir məntiqi izahı yoxdur.

 

Şöhrət Cəfərov

Gununsesi.info