Erməni hərbçisi Ermənistana niyə qaytarıldı? - Müdafiə Nazirliyinin bir gündə iki bir-birinə zidd bəyanat verməsinin səbəbi birmənalı qarşılanmır

  • By admin
  • 11 İyun 2021 14:17

İyunun 8-də Azərbaycan tərəfi Laçında Ermənistana məxsus diversant saxlandığını, qrupun digər üzvlərinin geri çəkildiyi, onların məqsədinin ərazinin minalanması olduğu haqda məlumat verdi. Ancaq bir neçə saat sonra nazirlik saxlanılan şəxsin diversant olmaması, hərbi qulluqçunun dumanda azaraq sərhədi keçməsi və bu səbəbdən geri qaytarılması barədə xəbər yaydı.

Hərbi ekspert Abuzər Əbilov Müdafiə Nazirliyinin bir gündə iki bir-birinə zidd bəyanat verməsinin şübhələrə yol açdığını düşünür. Onun fikrincə, fotoşəkildə erməni Artur Katanyanın hərbi kəşfiyyatçıya xas olan geyimi, maskalanması onun səhvən, yolu azaraq Azərbaycan tərəfə düşməsi versiyasını şübhə altına salır.

“İkinci bəyanatda Müdafiə Nazirliyi digər erməni hərbçilər barədə susur”, –o əlavə edir.

A.Əbilov bu məsələdə Rusiyanın Azərbaycana təzyiq göstərməsini istisna etmir.

“Müdafiə Nazirliyi verdiyi bəyanatı əvvəlcədən düşünməli, iki bir-birinə zidd olan məlumatı verərək xalqı narahat etməməlidir” – hərbi ekspert deyir.