
AY PARTİYA Başqan müavini Gülşən Haciyeva Anar Əsədlinin həbsindən yazıb.
Gununsesi.info həmin yazını təqdim edir:
Daxili siyasəti az-çox izləyənlər yəqin ki, xatırlayar: Ötən ilin oktyabrında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli qəfildən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Bir neçə saatlıq dindirmədən sonra məlum olmuşdu ki, Anar Əsədli ilə bağlı idarəyə mərhum Prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov şikayət edib.
Anar Əsədli bu olaydan bir ay sonra – noyabrda Türkiyəyə getmək istəyərkən ölkədən buraxılmamışdı, onun ölkədən çıxışına “stop” qoyulduğu ortaya çıxmışdı. Halbuki həmin vaxt şikayət üzrə cinayət işi hələ başlanmamışdı.
Aradan 8 ay keçdikdən sonra – bu il aprelin 19-da Anar Əsədli yenidən idarəyə çağırıldı. Orada 7 saatlıq dindirmədən sonra sərbəst buraxıldı, amma etrəsi gün – Ramazan Bayramının ilk günündə yenidən idarəyə getməsi istənildi. Aprelin 20-də idarəyə gedən Anar Əsədlinin barəsində 2 ay 23 gün müddətinə həbs-qətimkan tədbirinin seçildiyini öyrəndik.
Bu xatırlatmanı etməkdə məqsədim, 25 il dostluq etmiş Anar Əsədli və Oqtay Qasımovun arasındakı pul məsələsinə qısaca aydınlıq gətirməkdir. Əvvəldən vurğulayım ki, bu yazı təkcə Anar Əsədlidən eşitdiklərim yox, Oqtay Qasımovun yazılı mətbuat və telekanallara verdiyi açıqlamar əsasında hazırlanıb.
Hər iki tərəfin dediyinə görə, onların arasında pul söhbəti 2015-2016-cı illərdə olub. Oqtay Qasımov ortaq biznesin qurulması məsqsədilə Anar Əsədliyə 150 min ABŞ dolları verib. Müxtəlif vaxtlarda Oqtay Qasımova 25 min və 40 min dollar məbləğində pul ödənilib. Oqtay Qasımov israrla pulun qalan hissəsini istədikdə, Anar Əsədli tərəfindən bu günün bazar şərtləri ilə yüksək qiymətləndirilən torpaq sahəsi (32 sot) onun mülkiyyətinə keçirilib. Bu proses 1 il əvvəl baş verib.
Verdiyi pulun 65 minini geri alan, qalan məbləğin qarşılığında torpaq sahəsinin adına keçirilməsinə razı olan Oqtay Qasımov 4 ay sonra BMCMİ-nə şikayət edib. Əgər Oqtay Qasımov torpaq sahəsinin adına keçirilməsindən narazı idisə, bunu o zaman niyə qəbul edirdi? Narazı deyildisə, bu şikayət nə üçündür?
Bunları düşündükcə ortaya daha bir sual çıxır: Olmayan borca görə Oqtay Qasımovun BMCMİ-yə şikayət etməsinin, idarənin bu müraciəti icraata götürüb, cinayət işi başlatmasının, sonra Anar Əsədlinin həbs olunmasının hansı hüquqi zəmini var?
Gununsesi.info