Ağdamda qətlə yetirilən qadın 5 uşaq anası olub: “Özü yetim idi, övladları da yetim qaldı”

Ağdamda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Gununsesi.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, rayonun məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində qətlə yetirilən 37 yaşlı Tünzalə İbadova 5 uşaq anası olub.

HTML tutorial

Onu öldürən əri 1974-cü il təvəllüdlü Sahib İbadovun içki aludəçisi olduğu bildirilir.

Sahib İbadovun əmisi oğlu, Namiq İbadov APA-ya deyib ki, Sahibin törətdiyi cinayət hər kəsi, o cümlədən anasını hiddətləndirib:

“Tünzalə sakit gəlin idi. Gözləmirdik belə bir hadisə ola. Sahib bənna işləyirdi, amma içki aludəçisi idi, çox içirdi. Tünzalə işləmirdi, uşaqlarına baxırdı. Gözləmədiyimiz hadisə oldu. Hamısı spirtli içkinin təsiridir. Tünzalənin qohumları Bakının Qobu qəsəbəsində yaşayırlar. Özü yetim idi, 5 övladı da yetim qaldı. Böyük uşağının 12, balacasının 3 yaşı var”.

09:00

Ağdamda ər arvadını öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 21-də saat 3 radələrində Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1974-cü il təvəllüdlü Sahib İbadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info