ABŞ tarixində bir ilk: Nümayəndələr Palatasının sədri vəzifəsindən kənarlaşdırıldı – FOTO

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı spikeri Kevin Makkarti respublikaçılar arasında dəstəyi azaldıqdan sonra səsvermə yolu ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Beləliklə, Amerika tarixində ilk dəfə olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri səsvermə yolu ilə vəzifəsindən kənarlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, Nümayəndələr Palatasının Respublikaçı üzvü Mett Gaetz tərəfindən Nümayəndələr Palatasının sədri, eyni zamanda respublikaçı olan Kevin Makkartinin vəzifədən kənarlaşdırılması üçün təqdim edilən təklif  səsverməyə çıxarılıb.

Təklif 210 “əleyhinə” səsinə qarşı 216 “lehinə” səslə qəbul edilib.

Demokratlardan başqa, 8 respublikaçı Makkartinin vəzifəsindən kənarlaşdırılmasının lehinə səs verib.

Beləliklə, Makkarti Nümayəndələr Palatasının spikeri vəzifəsindən kənarlaşdırılıb, lakin o, təmsilçi olaraq qalmağa davam edəcək.

Respublikaçıların nümayəndəsi Patrik Makhenri yeni spiker seçilənə qədər Nümayəndələr Palatasının müvəqqəti sədri təyin edilib.

ABŞ Nümayəndələr Palatası 110 ildən artıq müddətdə ilk dəfə spikerin vəzifəsindən azad edilməsi üçün səs verib.

Öz partiyası daxilində dəstəyin azalmasından sonra Makkarti müasir Amerika tarixində öz partiyasının üzvlərinin səsləri ilə vəzifəsindən uzaqlaşdırılan ilk Nümayəndələr Palatasının sədri olub.

Makkarti ilə Nümayəndələr Palatasındakı respublikaçılar arasında ifrat sağçı qrup arasında gərginlik uzun müddət idi ki, davam edirdi.

Bu qrupda yer alan Florida ştatının Respublikaçı nümayəndəsi Gaetz yanvar ayında Makkartinin Nümayəndələr Palatasının sədri olmasına qarşı çıxıb.

Gaetz və qrupunu razı salmaq üçün bəzi güzəştlərə getməli olan Makkarti ancaq 15 səsdən sonra sədr seçilə bilib.

Makkartinin spiker olmasını dəstəkləməyən respublikaçılara etdiyi güzəştlər arasında bir nümayəndənin təklifinin onun vəzifədən çıxarılması üçün səsvermə üçün kifayət etməsi idi.

Gaetz və Makkarti arasında gərginlik son vaxtlar artıb. Gaetz demokratlara “güzəştlər” etdiyini iddia edərək, Makkartinin yaxşı bir lider olmadığını eyham edib.

Makkarti isə qeyd edib ki, Gaetz ölkə üçün nəsə etməkdənsə, şəxsi mənfəəti üçün televiziya kanallarına müsahibə verməklə məşğuldur.

Gaetz bu yaxınlarda iddia edib ki, Makkarti ABŞ prezidenti Co Bayden və Demokratlarla büdcə danışıqları çərçivəsində Ukraynaya yardımla bağlı gizli razılaşma əldə edib.

Respublikaçılar Partiyasının tərkibindəki ifrat sağçı üzvlər sərhəd məsələlərinin həlli üçün daha aqressiv addımların atılmasını, Ukraynaya yardımın və xərclərin mümkün qədər azaldılmasını tələb edirlər.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp səsvermədən əvvəl sosial media platforması olan “TruthSocial”da verdiyi açıqlamada respublikaçıların öz aralarında olan münaqişəsini tənqid edib.

“Niyə respublikaçılar həmişə öz aralarında vuruşurlar? Niyə ölkəmizi məhv edən radikal sol demokratlarla mübarizə aparmırlar?” – deyə Tramp bildirib.

Səid Əhmədli
Gununsesi.info