ABŞ dövlət katibindən bu ölkəyə “miqrasiya böhranı” SƏFƏRİ

ABŞ dövlət katibi Blinken “miqrasiya böhranı”nı həll etmək üçün Meksikaya səfər edib.

Gununsesi.info xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Meksikada prezident Andres Manuel Lopez Obrador ilə görüşərək “miqrasiya böhranı”nı müzakirə edib.

Bildirilib ki, Lopez Obradorun sədrliyi ilə paytaxt Mexikoda Milli Sarayda görüş keçirən iki ölkə rəsmiləri son aylarda sürətlə artan miqrasiya böhranını müzakirə ediblər. 2,5 saatdan çox davam edən görüşdən sonra heç bir rəsmi açıqlama verilməsə də, Lopez Obrador X sosial media hesabında paylaşım edib.

Paylaşınında Lopez Obrador Meksika və ABŞ-ın xeyrinə razılaşmalar əldə etdiklərini bildirib. “İki ölkə arasında iqtisadi əməkdaşlıq, təhlükəsizlik və miqrasiya məsələlərini daha əhatəli şəkildə müzakirə etmək üçün bu görüşün özəl olaraq prezident Baydenə çatdırılmasını istəyirik”, – deyə o qeyd edib.

Blinken, “Məsələləri həll etmək üçün Meksika ilə işləməyə sadiqik” bəyanatında da bildirib.

ABŞ və Meksikanın Amerika qitəsindəki tərəfdaşlığının əhəmiyyətini vurğulayan Blinken, “Lopez Obrador ilə qeyri-qanuni miqrasiyanın azaldılması üçün birgə səylərimizi müzakirə etmək çox xoş idi” deyib.

Tərəflər arasında keçirilən görüşdə Blinkendən başqa ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkas, Baydenin daxili təhlükəsizlik üzrə müşaviri Elizabet Şervud-Randall, Ağ Evin Milli Təhlükəsizlik Şurasının xüsusi müşaviri və sərhədlərarası təhlükəsizlik direktoru Keti Tobin və ABŞ-ın Meksikadakı səfiri Ken Salazar iştirak edib.

Digər tərəfdən, görüşdən sonra Meksika mətbuatına qısa açıqlama verən xarici işlər naziri Alicia Barcena ABŞ tərəfinin görüşdə onlardan xüsusi bir tələb irəli sürmədiyini qeyd edib.

Gündəlik mətbuat konfransında verdiyi açıqlamada Lopez Obrador ABŞ-a immiqrasiyada çox köməklik etdiklərini və bundan sonra da edəcəklərini bildirib.

Gununsesi.info