
Eynilə Əliyev-Qorbaçov qarşıdurmasında da quruculuq və dağıdıcılığın, müdriklik və qorxaqlığın, xeyirxahlıq və xəbisliyin, mərdlik və xainliyin zəngin qalereyası, bir-birini əvəzləyən qələbə və məğlubiyyətlərin acı dramaturgiyası ilə üz-üzə qalırsan. Hər iki səhnədə cərəyan edən hadisələr bir-birilə o qədər bağlıdır ki, hansı halda dünya çəkili lideri məhv etmək planının işləndiyini, onun paralelində digər səhnədə 70 illik quruluşu dağıdanların Azərbaycanı diz çökdürmək, onun iradəsini qırmaq və qlobal mərkəzlərin-siyasi və lobbi dairələrinin qarşısında zəif salmaq planlarını bir-birindən ayıra bilmirsən.
Üstündən illər keçəcək, Stavropol partiya komitəsindən dünyanın altıda birinə hökmranlıq edən SSRİ-nin Baş katibinə çevriləndə “Qorbi” ləqəbli lider “yenidənqurma və aşkarlıq” avantürasını kütləvi epidemiya kimi beyinlərə yeridəndə ilk addımda Brejnevin Bakıda təntənəli qarşılanma səhnələrini mərkəzi televiziyalarda təkrar-təkrar nümayiş etdirib bir xalqa qarşı kəskin neqativ ictimai rəyin yaranmasına rəvac verəcək, hər gün yeni-yeni ləkələmə direktivlərinə imza atacaqdı. Halbuki, 11-ci Qızıl Ordunun neft səltənətində sovet hakimiyyətini qurandan bəri bütün hərbi və əmək cəbhələrində rəşadətlə vuruşan azərbaycanlıların yalnız hava limanlarına, yol kənarlarına, yaxud böyük salonlara toplaşıb müxtəlif ranqlı şəxslərə alqış yağdıran kütlədən ibarət olmadığını “birinci şəxs”lər yaxşı bilirdilər. Bir də ki, Brejnevin gəlişi Ukrayna üçün artıq layihəsi hazır olan və smetası milyon rubllarla ölçülən Məişət kondensionerləri zavodunun, onlarla irimiqyaslı sənaye və infrastruktur mərkəzinin Azərbaycanın sərəncamına keçməsi demək idi, elm, mədəniyyət və incəsənət sahəsində minlərlə görkəmli şəxsin istəklərinin yolu açılırdı..
Daxildə də sovetlərin uzunömürlü xarici işlər naziri Andrey Qromıko öz oğlu ilə söhbətinə həsr olunan “Kremlin labirintləri” kitabında ən layiqli namizədin Əliyev olduğunu açıq vurğulayır, lakin Stalindən sonra Kremlin rəhbərlərinin milli-dini kimliynə dair qoyulmuş tabunun ona mane olduğunu, sovetlərin süqutunun qaçılmazlığını xəbərdar edirdi. Gerçəkdən də əsrlərdir knyazların, çarların, imperatorların hökmlər imzaladığı Borovitski təpəsindəki iqamətgah son illər təntənəli təltif məclisləri və kədərli nekroloqların səsləndiyi kilsəni xatırladırdı. Politbüro vitrinində ahıl, xəstə və gözləri solmuş adamlardan, ölkəni daha çox xəstəxanadan idarə edənlərdən fərqli olaraq Əliyev, möhtəşəm hərbi duruşu və atəşli baxışları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı ən sərt və amansız suallar qarşısında hazırcavablığı və açıqlığı, prinsipiallığı ilə seçilirdi. Onun həmsöhbətlərini ovsunlamaq qabiliyyəti, ətrafa dərin inam bəxş etməsi çeşidli kəşfiyyat, jurnalist və digər yazılarda qırmızı xətlə keçir. Tanınmış rus yazıçısı, siyasi avtobioqraf Roy Medvedev haqlı olaraq deyirdi: ”Kreml daxilində qaşlarını çatan və donuq sima daşıyıcıları sırasında 60 yaşlı Əliyev daim qələbə təbbəsümü saçır, xüsusi stilə malikdir, kameraların işığında həmişə rahat və qonaqpərvər görünür”. Yaxud, 30 noyabr 1982-ci ildə nüfuzlu “Los-Ancelos tayms” qəzeti Əliyevi “Kremldəki parlaq ulduz” adlandıraraq, onun sürətlə irəliləyən karyerasının Nazirlər Sovetinin 77 yaşlı rəhbəri Tixonovu əvəzləyənə qədər davam edəcəyini proqnozlaşdırırdı.
Təkcə Azərbaycan əleyhinə formalaşan güclü və sistemli qruplaşma elə bil Eçmiədzin kilsəsinin xüsusi təqdimatı ilə seçilmişdi. Misal üçün, Baş katibin köməkçisi Şahnazarov (ölümündən sonra Qaragözyan), beynəlxalq şöbədə Brutents, məsləhətçiləri, eyni zamanda Nazirlər sovetində bir neçə vəzifə tutan Aqanbekyan, Sitaryan, Osipyan, Onikov, eləcə də Ekologiya naziri Danielyan, ağır maşınqayırmada Arutyunyan, xarici ticarətdə Xitoyan və başqalarından ibarət idi. Ali Sovetdə isə təkcə Ambarsumyanı xatırlatmaq kifayətdir. Siyahı yalnız bir millətin Kreml elitasında tutduqları rəsmi mövqeləri göstərir. Onların maraqlarını müdafiə edən şəbəkənin osminoq caynaqları isə daha dərinə kök atmışdı. Yenidənqurmanın əsas ideoloqu Aleksandr Yakovlevin ayağını kəsilməkdən xilas etmiş erməni həkimə görə onun həlledici anlarda antiazərbaycan hücumlarına necə dəstək verdiyini xatırlatmaq kifayətdir.
Əliyevsə Kremlə tək idi. Onun müxtəlif illərdə yanına dəvət etdiyi həmvətənləri çeşidli səbəblər gətirərək, orada mühüm vəzifələr tutmaqdan imtina etmişdilər. Təəssüf ki, özündən sonra ölkəsində qoyub getdiyi milli kadrlar da onları yüksək mövqelərə çıxaran adamı mərkəz linç edəndə güclü dirənişə qadir vahid qüvvə deyildilər. İttifaq respublikaları arasında ən “zəif həlqə” dişsiz və ciddi xəstəliyi olan Kamran Bağırov oldu. Kəskin siyasi dəyişikliklər onu taxtdan saldı. Ona görə də Qorbaçovun administrativ maşını Əliyevə total hücuma keçəndə yalnız öz şəxsiyyəti hesabına qazandığı internasional dostları onu gizli müdafiə edirdilər. Əslində isə gedən mübarizənin birbaşa hədəfi Azərbaycan idi. Beləliklə, Əliyevin Moskva həyatı qədər onun ölkəsinin taleyini özündə dəqiq əks etdirən ikinci avtobioqrafiya yoxdur. Dünyada bir şəxsiyyət və millət həyatının dərin köklərlə bir-birinə bağlandığı belə nümunələr çox azdır. O üzdən, görkəmli rus yazıçısı, dünyəvi bestsellerlər müəllifi Edvard Radzinskinin xalqların keçmişinə “Stalinin, Ruzvelin, Çörçilin, həm də Əliyevin tarixi” kimi baxmasına tam haqq qazandırmalı olursan.
Sovetlər Birliyinin təməlləri isə sürətlə dağılırdı. Əvvəlcə, iqtisadiyyatı dövlət mülkiyyətindən və planlı təsərrüfat sistemindən çıxarmaq üçün kooperativlər hərəkatına, antialkoqol kampaniyasına başlayanda Orta Asiyadan Qafqazlaradək on illər ərzində yüz milyard manatlar hesabına qurulan kənd təsərrüfatını və emal sənayesini qısa vaxtda məhv etdilər. Daha sonra “aşkarlıq” dalğasında azad mətbuatın “samizdat” çərçivəsində baş qaldırması dünənədək gizli dissident hərəkatlarını önə çıxardı və bütün sosial təbəqələrin siyasiləşməsi geridönməz xarakter aldı. Ayılmış cəmiyyətləri bir daha əvvəlki itaətkar rola qaytarmaq mümkün olmadı. Ardınca SSRİ-nin hərbi gücünün sarsıdılması üçün Amerika liderləri ilə Cenevrə və Reykyavik görüşlərində başlanan birtərəfli nüvə ixtisarı, eləcə də Əfqanıstan daxil digər xarici ərazilərdən sovet qoşunlarının çıxarılması strateji rəqabəti və soyuq müharibəni Qərb dövlətlərinin xeyrinə həll etdi. Daxildə isə ordunun Qızıl rəngini Qırmızıya boyamaq üçün Qazaxıstanda qeyri-milli Kolbini-heç vaxt partiya rəhbərliyində olmayan bir adamı gətirib sayca azlıq təşkil edən qazaxlara başçı təyin etdilər. Özbəkistanda Fərqanə hadisələri ilə məshəti türklərini etnik nifaqın qurbanına çevirdilər, Baltikyanı ölkələrin ayrılmaq istəkləri qarşısında süngü çıxaranda isə toqquşmaları yatırtmaq üçün meydanlara qoşun yeridildi, nəticədə dünyanı lərzəyə salan Silahlı qüvvələr get-gedə ictimai nifrətin ünvanı oldu. Artıq iflasa gedən magistral yol tam açılmışdı, heç bir qüvvə SSRİ-ni ölümdən qurtara bilməzdi.
Görünür, rumın xalqının faciəli oğlu Çauşesku “Qarabağı lənətləyərkən” onu həyat yoldaşı ilə birgə samosuda aparan əsas tektonik silkələnmənin məhz Qafqazlarda gizləndiyini fəhmlə dərk etmişdi, yoxsa o, ayağa qalxmış kütləni bir yolla sakitləşdirərdi. Həqiqətən almanların və ingilislərin ötən əsrin əvvələrində erməni, gürcü və azərbaycanlı birliyini təmin edə bilmədikləri halda Leninin inqilabçı komissarlarının cızdığı xəritəylə İrəvan, Bakı və Tiflis arasında savaşa son verilmişdi. Qəribədir, dağılma ssenarisi də birbaşa həmin təməllərə zərbə vurmaqla gedirdi və artıq Sumqayıt hadisələri, Ermənistandan 300 min azərbaycanlının kütləvi deportasiyasından sonra Bakıya hərbi zərbə vurulması qaçılmaz idi. Onun günü və saatı fərqli ola bilərdi. Azərbaycan paytaxtına hücum sovetlərin süqutunun rəsmiləşdirilməsiydi. 20 yanvar tarixinin bir millətin siyasi təqvimində tutduğu yerdən asılı olmayaraq, onun məhz İttifaq miqyaslı şoka çevrilməsi daha önəmli idi.
Beləliklə, üstündən 32 il keçəndən sonra Berlin divarı və Ohanyan xəttinin dağılmasının məhz 9-10 noyabr tarixlərində gerçəkləşməsi qətiyyən təsadüfi deyil, vahid zəncirin həlqələridir. Sanki mavzoleyə qoyulmuş Leninin cəsədi yox, sovet dövlətinin özü olub və Azərbaycan xalqı öz tarixi taleyini dəyişməyə qalxdığı 2020-ci ilin sentyabrında Qurtuluş hərəkatı 90-cı illərin faciə təqvimini qələbə ilə əvəzləyib. Məgər ”şər arxitekturası” termini hər iki divara nəzərən yerinə düşmürmü? Almaniyanın məğlubiyyətinin acı simvolu olan ayırıcı sədlərin 106 km-lik beton divarının, 65 kim-lik metal torun, 127 kim-lik gərginlik altındakı siqnal çəpərin, xəndəklərin və digər istehkam qurğularının ölçüləri ilə Ohanyan xəttinin 5 qat minalanmış və 600 kim-lik çətin coğrafiyaları əhatə edən ölüm zolağı arasında təkcə kəmiyyət, forma deyil, məram eyniliyi və mahiyyət əkizliyi var. Əgər Berlin divarının sökülməsi iki fərqli ideologiyanın savaşının sona çatması və bir xalqın vahidliyinə xidmət edirdisə, Ohanyan səddinin yarılması Azərbaycanın yerləşdiyi coğrafiyanı “dənizdən-dənizə” içərisinə almaq planının məhv edilməsi və əbədi müharibə məkanı olan Qafqazı dünyaya açmaq demək idi. Əslində 2-ci dünya savaşından sonra Marşal planı ilə Almaniya və dağılmış Avropanın SSRİ qarşısında qazandığı çoxmilyardlıq iqtisadi yardımlar və daimi siyasi himayədarlıqla müqayisədə xalqımızın Ohanyan divarını yıxması daha əzəmətli hadisədir. Çünki 1989-cu ilin soyuq noyabr günlərində öz qardaşlarına qovuşan bir millətin övladlarından fərqli olaraq, Qoca Şərqin müqəddəs odunu daşıyan azərbaycanlılar suverenlik paradına yalnız minlərlə qurban verməklə çıxmışdılar. Razılaşın ki, Helmut Kolun sovet tanklarının ölkəsindən çıxması üçün ödədiyi bir neçə milyard marka kiminsə canından artıq ola bilməzdi. Belədə Bakının hərbi qələbəsini dünyəvi miqyasda qeyd etməyə həmyerlimiz Rostropovoç ruhlu violençel ustaları, qorxmaz oğullar gərəkdir!
Azərbaycanın və Şərq qadınının obrazını dəyişdirən, onu çevikliyi, prinsipiallığı, yüksək humanizmi və dövləti maraqlara dönmədən əməl etməsi ilə zənginləşdirən Mehriban xanımın üzərinə götürdüyü mədəniyyət və humanitar missiya, muğamdan xalça ilmələrinə köçürlən milli hədəflər Paris, London və Vaşinqtona uzanan böyük coğrafiyada bir xalqın zərif diplomatiya ilə apardığı şərəfli mübarizədir. Yumşaq güc çox vaxt silahlardan daha təsirli olur. Roma maarifçi xristianlığının katakombalarına, Versalın antik məbədlərinə uzanan xeyirxah əllər hər yerdə dini və milli hamilər tapan Ermənistanın beynəlxalq dayaqlardan məhrum edilməsi siyasətinin tərkib hissəsidir.
Zəngəzur konsorsiumuna daha çox dövlətin qoşulması Əliyevin Xəzər ətrafında qurduğu razılaşma formulunun İran və Rusiya, ABŞ və Fransa ilə indi başqa məkanda təkrarlanması deməkdir. Yeliseydən son telefon zəngi də sübut edir ki, Paris yalnız ermənilərə söykənib buraya qoşun yeridə bilməz. Rusiya hərbi qüvvələri Xankəndinə kənar orduların girməsinin qarşısındadır. Öz mənfəətləri üçün olsa belə. Ona görə də rus hərbi kontingenti onun xələfləri tərəfindən basdırılan minaları təmizləyir, barış və uzlaşma tövrünü Kremlin yeni kursu tək elan edir. Knyaz Yermolovun, general Vorontsovun, yaxud Sisianovun hərbi missiyası ilə müqayisədə general Rüstəm Muradov özünün 1960 nəfərlik heyəti ilə təkcə lokal ərazidə deyil, bütün Qafqazlarda Rusiyanın yeni, bölgənin tarixində bənzəri olmayan sülhpərvər missiyasını təmsil edir. Çətin işdir, bir çoxları üçün inanılmazdır, lakin alternativi mövcud deyil. Axı Yermolovun hərbi çəkmələri ilə dağlı xalqların hamısının məhəbbətini qazanmaq mükün deyil. Ona görə də ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb ölən rus əsgəri yoxdur. Arutyunyanın özlərini vaxtında çatdırdıqları üçün Muradova təşəkkürü şəxsi sağlığına görə minnətdarlıq borcudur. Əliyev-Putin-Ərdoğan razılaşması qüvvədədir. Bəli, Brejnevin səhv saldığı vərəq-Əfqanıstanla Azərbaycanın yerinin dəyişik salındığı tarix artıq arxada qalıb. Qorbaçov əziciliyi, Yeltsin sanksiyaları yalnız Qərbin xeyrinə işlədi və avropalı şirkətlərin bölgəyə yolunu açdı. Ona görə də İsa Məshin “daşları yığmaq vaxtıdır” peyğəmbərliyi bizim müqəddəs torpaqlar üçün də keçərlidir.
Qərb dövlətlərini isə 10 noyabrdan sonra vahid mövqedə saymaq olmaz. Britaniya fərqli nümunələr yaradır. Tomson ordularının Bakı neftinə aludə olub Azərbaycanın müstəqlliyinə kömək əli uzatmamalarının səhvlərini Conson hökuməti unutdurmağa çalışır. Təqdir olunacaq hərəkətlərdir. 90-cı illərdən bu yana bir çox baronessaların daimi erməni mənafelərini hakim kursa çevirdiklərinə rəğmən bu dəfə Vestminister Hallda regiona hələ barıt iyi çəkilməmiş səfər edən nazir Vendi Morton ingilislərin mövqeyini bir daha aydın dilə gətirir və Ermənistanın öz məğlubiyyətlərini həm də Mİ-6 nın rəhbərinin Bakıya yardımı ilə bağlamasının əsassız olmadığını sübut edir. Razılaşın ki, ingilis diplomatiyası üçün belə birmənalılıq nadir hadisədir. Lakin onu qazanmaq üçün Əliyev diplomatiyası düz 27 il məqsədyönlü çalışmalı olmuşdu. Yelizaveta ailəsi və taxt-tacın Şərqin qapısının Bakı olduğunu yaxşı bilməsi prezidentin strategiyasının düzgünlüyünə şübhə yeri qoymur. Neft-qaz nəhəngi BP-nin hələ sürüşkən 90-cı illərdə Azərbaycan iqtisadiyyatına yatırımlarının indi 70 milyard dollara çatmasını, eləcə də hökumətin birbaşa investiyalarının 25 milyard dollardan çox olmasını nəzərə alsaq, indi azad torpaqların çoxmilyardlıq potensiala malik böyük əlvan metallurgiyasını siyasi müttəfiqlərlə birgə işlənmək üçün unikal fürsət açılıb. Əslində “əsrin kontraktı”nı Vejnəlidən Zod yataqlarınadək geniş zolağa daşımaq bir tərəfdən yeni torpaqlarda sülh və təhlükəsizliyi gücləndirmək üçün beynəlxalq zireh yaradır, digər tərəfdən aparılan müharibənin prinsiplərini heç vaxt unutmağa qoymur: qələbəni bölüşməyi bacarmalısan! Halbuki, 26 sentyabra qədər 50-dən çox şirkət Qarabağın metal ehtiyatlarını talamaqla məşğul idi. Təkcə “Sterlite Gold ltd”, Base metals”, ” Sirkap Armenian”, Menex and Valex, Armenian Copper Programme və digər şirkətlərin il ərzində dünya bazarına çıxardıqları sərvətlər 2-5 ton qızıl, eyni miqdarda gümüş və digər filizərdən ibarət idi. Milyardları itirdilər. Üstəlik də, Qarabağdan yan keçən nəhəng sürtkü yağları-boru kəmələrinin erməniləri buxov kimi sıxan arteriyaları. Bəli, müharibədə sağ qalmaq və üstəlik, qalib gəlmək üçün zərgər dəqiqliyi tələb olunur. Bir vaxtlar fransalı senator Beraje deyirdi ki, almanlar dəmir və kömürə çox bel bağlamayıb neftin üstünlüyünü qəbul etsəydilər, savaşı sonsuz davam etdirmək üçün tükənməz xəzinə əldə edərdilər.”Yerin qanı”-neft həm də qələbə üçün tökülən qan deməkdir. ”Ermənilərin sonrakı ağlı” böyük ərazi iddiaları iflasa uğrayanda deyilən mistik kəlmədir.
Bu haqda növbəti yazıda.