“Rusiya narahatdır, Ermənistanın başqa planları var” – Politoloq

“Ermənistanın öz sərhədlərini qorumaq iqtidarında olmaması ilə bağlı müxtəlif məlumatlar paylaşılıb. Bu günə qədər Ermənistan həm Türkiyə, həm İranla sərhədlərini qorumaq gücündə olmayıb və bunu Rusiyanın sərhədçilərinə etibar edib”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, yeni yaranan geosiyasi reallıqlar fonunda Ermənistanın Azərbaycanla olan sərhədlərini qoruya bilməyəcəyi əvvəldən bəlli idi:

“Gözlənilirdi ki, Ermənistan sərhədin qorunması üçün Rusiya tərəfinə müraciət etsin. Ermənistanda sərhəd xidməti, sərhəd keşikçiləri kimi anlayışlar yoxdur, eyni zamanda 44 günlük müharibədən sonra darmadağın edilmiş ordusu ilə Azərbaycanla sərhədələri qorumaq gücündə olmaması aydın şəkildə nəzərə çarpır.

Rusiyanın Ermənistan sərhədini qorumaq üçün hərəkətə keçməsi müşahidə edilir. Bu, həm də o deməkdir ki, Azərbaycan və Ermənistan sərhədində müxtəlif təxribatlar baş verərsə, burada rus sərhədçiləri təxribatın qarşısını almalıdırlar. Buna görə də məsuliyyət daşıyırlar”.

Politoloqun fikrincə, Ermənistan tərəfinin törətdiyi təxribatlar Rusiya sülhməramlılarına inamı heçə endirir:

“Ermənistan tərəfi rusiyalı sülhməramlıların inamının, etibarının aşağı salınması üçün, eyni zamanda Rusiyanın bu işlərin öhdəsindən gələ bilməməsi ilə bağlı fon yaratmaq istiqamətində fəaliyyət həyata keçirir. Sərhədyanı bölgələrdə müxtəlif təxribatların törədilməsi, tez-tez atəşkəs rejiminin pozulması rus sülhməramlıların etibarının aşağı salınması məqsədi güdür”.

İlyas Hüseynov hesab edir ki, əslində Ermənistanın başqa planları da var.

“Ermənistan bölgəyə ATƏT-in Minsk qrupunun silahlı qüvvələrini gətirmək istəyir. Eyni zamanda ikitərəfli münasibətlər fonunda Fransanın da dəstəyindən istifadə etmək məqsədləri güdür. Bütün bunların aradan qaldırılması üçün Rusiya tərəfi narahatdır. Sırf Azərbaycan və Ermənistan sərhədinin qorunması üçün Ermənistana yardım göstərmək niyyəti geniş vüsət alır. Bu, Ermənistanın öz seçimidir. Bir daha onu göstərir ki, Ermənistanda müstəqillikdən əsər-əlamət yoxdur. Bu ölkə öz sərhədlərinin qorunmasını həyata keçirə bilmir. Bunun üçün müxtəlif ölkələrə müraciət edir”, – deyə politoloq bildirib.

Gununsesi.info