Yeni qatarlarda yoluxmanın qarşısını alan kondisionerlər quraşdırılacaq

Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, indiyədək alınan qatarlarda olduğu kimi, bu qatarlar da mikroiqlim nəzarəti sistemilə təchiz olunub:

“Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner-avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem havanın zərərsizləşdirilməsi, baktereoloji təmizliyi funksiyalarına malikdir, eyni zamanda ultrabənövşəyi lampalarla da təchiz olunub. Lampalar havanın zərərsizləşdirilməsi funksiyalarına malikdir. Bu sadaladıqlarım yenilik deyil, çünki 2018-2019-cu illərdə alınan qatarlar da bu sistemlə təchiz edilib. Yəni bu sistemdə qatarlarda hansısa qoxu hiss edilmir, hava təmiz olur. Amma bu, sırf COVID-19 əleyhinə hazırlanmış bir sistem deyil. Doğrudur, istehsalçı şirkət bunu piar olaraq, istifadə edir. Amma funksiayalar sadaladıqlarımdan ibarətdir”.

Onun sözlərinə görə, vaqonların ilk partiyası iyunun 29-da, ikinci partiyası iyunun 30-da göndərilib:

“Hər partiyada iki lokomotiv yer alır. Təkmilləşdirilmiş istilik və səs izolyasiyalı vaqonlarda sərnişinlər üçün çoxfunksiyalı zonalar, irihəcmli yüklər, uşaq və əlillər üçün yerlər var. Vaqonlar virusa yoluxmanın qarşısını alan funksiyasının olduğu kondisioner sistemləri ilə təchiz olunub”.

B.Məmmədov əlavə edib ki, kondisioner sistemi QSC-nin texniki tələblərinə uyğun və yerli iqlim şərtləri nəzər alınaraq hazırlanıb:

“Yeni vaqonlar “Nərimanov” elektrik deposunda sazlama işlərindən sonra xəttə buraxılacaq”.

Gununsesi.info