Qazın qiymətinin qalxdığını oxuyanda şoka girdim - NURA SURİ TARİF ŞURASINA QARŞI

  • By admin
  • 01 İyul 2021 01:24

“Qazın qiymətinin qalxdığını oxuyanda şoka girdim. İndi yaydır, insanlar qazdan az istifadə edir. Amma bunun qarşıdan gələn qışı var. İl yarımdır ki, insanlar işsizdir. Ancaq market və apteklər işləyirdi. Kiçik biznes sahiblərinin, musiqiçilərin, restoranlar və digərlərinin vəziyyəti göz qabağındadır”.

Gununsesi.info bildirir ki, bunu Meydan Tv-yə müğənni Nura Suri Tarif Şurasının son qərarları barədə danışarkən bildirib.

O, daha sonra əlavə edib:

 

“Bəllidir ki, insanlar əziyyət çəkir. Bu dəqiqə qiyməti qaldırmağın mənası yox idi. Tarif Şurasının qərarı ilə razı deyiləm. Mən hamının adından danışıram. Tədbirlərə, konsertlərə, el şənliklərinə qiyməti endirirəm. Şadlıq sarayları, restoranlar, benzin, qaz, yemək onsuz da hamısının qiyməti qalxıb. Camaat da pandemiyaya görə pul qazanmır. Hazırkı vəziyyətdə əlimdən başqa heç nə gəlmir.

Mənim kütləyə çıxışım daha rahatdır, jurnalistlərlə ünsiyyətim var. Yazdıqlarım daha tez ünvanına çatır”.

Nura Suri deyir ki, bəzi problemlər sosial şəbəkələrdə paylaşdığı statuslarından sonra hətta həllini tapır:

“Mənim nə deputat olmaq, nə də siyasətçi olmaq fikrim yoxdur. Xarakterim budur, uşaqlıqdan belə olmuşam. Vətən uğrunda gedən döyüşlərdə iştirak edən insanların ailəsində böyümüşəm. Anam ikinci qrup əlildir, döyüşdə yaralanıb. İnsanların, ümumiyyətlə, problemlərinə biganə qala bilmirəm. Sənətçiliyi kənara qoyuram. Mən və ailəm bir insan olaraq, vətənimizi qoruyuruq, lazım olanda, imkan daxilində əl də tuturuq, xalqa xidmət edirik. Heç nəyə biganə qalmıram. Küçədə susuz it görürəm, su və qab alıb, onu içirirəm. Yəni hətta onun yanından da rahat keçə bilmirəm. Bu, mənim xarakterimdir və düşünürəm ki, insanlar belə olmalıdırlar. Heç bir problemə biganə qalmamalıdırlar”.

Günay

Gununsesi.info