
Çoxdan gözlənilən “Media haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Qanun layihəsini oxudum.
Sənəd ətrafında aparılan müzakirələr lazımdır və bu zaman peşəkar jurnalistlərin baxışlarını, mövqelərini, təkliflərini bilmək vacibdir.
Dünya informasiya texnologiyaları əsrində yaşayır. Bütün sahələrdə ciddi dəyişikliklər olduğu kimi KİV-də “internet fırtınası”əsir. “Qəzet və TV erası”nın polad kimi sarsılmaz görünən prinsipləri, standart iş qaydaları alt -üst olub.
Azərbaycan 15 ildir KİV-də yeni media texnologiyalarını tətbiq edir və bu illərdə proses yalnız irəli gedib. Xəbər vasitələri çoxlıb, ağlımıza gəlməyən situasiya formalaşıb.
İnformasiyanı yayan peşəkar jurnalistlərin cərgəsinə sosial şəbəkələr, bloqlar, OTT, internet TV-ər, periskoplar, tik-tok, vatsap, android yayım, instagram daxil olub. Bu gün hadisə yerinə jurnalistlə bərabər bloqerlər, kontent menecerlər, həvəskar xəbər yayımçıları qaçır.
Burada jurnalist kimdir? Oxucu kimin xəbərinə inanmalı? Kim xəbərin qızıl prinsipi olan “iki mənbə ilə təsdiq” prinsipi işləyir? Bloqer nəyə görə burdadır? Onun istəyi nədir: Macəra, həvəs, özünü təsdiq? Sosial şəbəkədən yayımlanan informasiyalarla necə davranmalı?
“İnternet era”sı bizi bu suallarla üz-üzə qoyub.
Azərbaycanda KİV haqqında qanun 20 il əvvəl qəbul olunub, sənəd çağdaş dövrün informasiya texnologiyaları trendlərini əhatə etmirdi.
“Yeni Media Jurnalistləri” İctmai Birliyi olaraq hələ 6-7 il əvvəl onlayn medianın statusunun müəyyən olunması, qanunda bununla bağlı dəyişiklikləri təklif etmişdik.
Bu gün təqdim olunan yeni qanun dövrün texnoloji trendlərini əks etdirir. Qanunun maddələri elektron KİV (TV-radio), “offlayn media (qəzet, jurnal) və onlayn media anlayışlarını izah edir.
Müzakirə doğuran məsələlər daha çox onlayn platforma üzərindən yayımlanan internet TV-lərin statusu, jurnalistlərin reysteri və vəsiqə anlayışdır.
Hər biri ətrafında danışmaq, təkliflər irəli sürmək lazımdır.
Mənim üçün mühüm olan, Qanun layihəsinin əsas mesajını daşıyan 5-ci Maddədir.
Orada “Azərbaycanda media azaddır”, “dövlət senzurası” qadağandır yazılır.
Bu, dövlət və media arasında münasibətlərin mühüm indikatorudur.
Yeni qanun layihəsi ənənəvi jurnalistikanın əsas ideyası olan müstəqil media, peşəkar jurnalist və doğru xəbər istəyən cəmiyyətin mesajlarını əhatə edir.
Müzakirələr isə mütləqdir.
Layihədə mənə qeyri-müəyyən qalan bəzi məqamlar var:
8-ci maddənin 8.1-də yazılmış “Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir” müddəasına aydınlıq gətirilməlidir.
Burada nə nəzərdə tutulur?
Rəsmi qurumun göndərdiyi məlumatı redakət etmək olmaz? Yoxsa jurnalistin baş vermiş hadisə barədə öz araşdırmasına icazə verilmir?
26-cı maddənin 26.3.3. bəndi aydın deyil. Orada deyilir ki, “məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər” media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər. Bu anlaşılmaz müddəadır. Əngəlli olan, lakin istedadlı şəxslərin KİV-də fəaliyyətinə problem yaradır və hüquqlarını pozur.
Qanun layihəsində onlayn dövranı təcəssüm etdirən yeni anlayışlar da var:
28-ci maddənin 28.2.-ci bəndində deyilir ki, “Platforma operatoru və multipleks operatoru platforma yayımçısı kimi fəaliyyət göstərmək üçün lisenziya almalıdır”.
“Platforma operatoru” anlayışı ölkə üçün yenidir. Bu, internet TV-ləri ifadə edir. “Multipleks operatoru” anlayışı isə istehsalçının auido və video kontentini bir yerə yığıb bunu onlayn müstəvidə təqdim edəndir.
Layihədə göstərilir ki, Platforma yayımçısı –yəni İnternet TV-lər lisenziya əsasında fəaliyyət göstərir.
Amma lisenziya anlayşı tam açılmır. Azərbaycanın milli yayım platforması yoxdur. İnternet TV-lər bazası xaricdə yerləşən, özəl mülkiyyət sayılan onlayn platformalardan efirə çıxırlar. “Youtube”-dən, yaxud Facebook-dan yayım edən onlayn TV-lərin lisenziya verilməsi necə müəyyən olunacaq?
Bu baxımdan layihənin 30-cu maddəsi 28-ci maddə ilə uyğunsuzluq təşkil edir.
30-cu maddədə “Platforma yayımçısı” anlayışı izah olunur və qeyd olunur ki, “dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən maliyyələşən, həmin orqanın fəaliyyət sahəsini əks etdirən, ictimai yayım funksiyası daşıyan audiovizual yayımçı yalnız platforma yayımçısı kimi fəaliyyət göstərə bilər”
Yəni nə?
Burada dövlətə məxsus qurumların maliyyələşdirdiyi hansı yayımçı nəzərdə tutulur?
“Platforma yayımçısı” anlayışı isə telekanalları paket əsasında İPTV ilə yayan şəxs və ya qururm nəzərdə tutulur və bu aydın şəkildə izah olunmalıdır.
Audiovizual Şuranın yaradılması yaxşı ideyadır və bu gün Avropa ölkələrində mövcuddur. Onun tərkibi müxtəlif ölkələrdə fərqli olur. Şura üzvlərinin əmək haqlarını ölkədə mobil telefon şirkətlərinin illik gəlirindən də ayrımaq olar.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə verilməsi nəzərdə tutulan vəsiqələr maraqlı ideyadır. Bu, dünya təcrübəsində “sarı kart” anlayışını ehtiva edir. Amma bu zaman qanunda qeyd edilməlidir ki, belə jurnalist vəsiqəsi redaksiyanın verdiyi press-kartla eyni hüquqdadır. Yəni Reysterdə olmayan jurnalistin vəsiqəsi heç bir halda məhdudiyyətlə üzləşə bilməz. Onları fərqləndirən yalnız akkreditasiya qaydaları, sosial güzəşt üstünlükləridir.
Media Reyestrinə gəlincə, bu günə qədər Ədliyyə Nazirliyində, Vergilər Nazirliyində, DSMF-də toplanmış KİV və jurnalist bazasının “bir ələ”-vahid mərkəzə toplanması baxımından faydalıdır.
Fikrimcə, məlumatları toplayarkən detallı sorğu-suala ehtiyac yoxdur. Ümumi bilgiləri təqdim etmək olar.
Bütövülkdə Media haqqında Qanun informasiya texnologiyalarının çağdaş trendlərini əhatə edir. Amma ciddi müzakirələrin aparılmasının tərəfdarıyam. Bütün arqumentlər dinlənməli, fərqli mövqelər nəzərə alınmalıdır.
Jurnalistika bir peşədir: Yazmaq istedadı olan şəxslərin toplaşdığı bu müstəvidir. Son illərdə jurnalistika sahəsində “durğunluq dövrü” peşəkar media ənənələrini çox zədələyib. Bu günə qədər jurnalistin sosial hüquqları, tibbi sığortası, həmkarlar ittifaqı, pensiya məsələləri tənzimlənə bilmir.
Bu cameədə vurnuxan saysız-hesabsız “jurnalistlər” sahəni az qala kökündən sarsıdıb.
Yeni Qanun ölkədə qəzet satışını, abunə şəbəkəsini, onun biznes plataformasını qurmalı və medianın “dördüncü hakimiyyət” statusunun bərpasına yol açmalıdır.
Bu günkü dövrdə doğru informasiya hava-su qədər vacibdir. İctimai rəy manipulyatorlarının, qeyri-peşəkarların, “maraq qruplarının” monopoliyasında olan informasiya müstəvisini yalnız azad, müstəqil, milli və peşəkar jurnalist platforması dağıda bilər.
Azərbaycanın “yeni vitrin” tələb edən belə müstəviyə çox böyük ehtiyacı var.
Xaqani SƏFƏROĞLU
Azpost.info saytının Baş redaktoru
“Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri
Gununsesi.info