
ABŞ Prezidenti Co Bayden koronavirusdan sağalan kimi Çin lideri Si Cinpinlə telefon danışığı aparıb. Baydenin hakimiyyətə gəlməsindən sonra Çin lideri ilə apardığı beşinci telefon danışığı 2 saat 17 dəqiqə davam edib.
Mətbuatda yayılan məlumatlara görə, telefon danışığının üçdə bir hissəsi Tayvan məsələsinə həsr olunub. Tərəflər Tayvan məsələsi ilə bağlı bir-birilərinə xəbərdarlıq edib.
Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında münasibətləri strateji rəqabət kimi qəbul etmək düzgün deyil, lakin Tayvan məsələsində Çin öz suverenliyini müdafiə etməyə hazırdır.
“Çin hökumətinin və Çin xalqının “Tayvan məsələsi” ilə bağlı mövqeyi ardıcıl olub və 1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək əzmindədir”, – deyə Çin lideri bildirib.
Söhbət zamanı ölkə başçısı ABŞ-a rəsmən xəbərdarlıq edib: “Odla oynayanlar özlərini yandıracaq. Ümid edirik, ABŞ bunu aydın başa düşür”.
Ağ Evin yaydığı bəyanat Çinin məlumatı qədər sərt deyildi. Bayden söhbət zamanı bildirib ki, Birləşmiş Ştatlar Tayvanla bağlı mövqeyini dəyişməyib və regionda sabitliyin pozulmasına qarşıdır. “Tayvanla bağlı prezident Bayden Birləşmiş Ştatların siyasətinin dəyişmədiyini və Birləşmiş Ştatların status-kvonu dəyişdirmək və ya Tayvan boğazı bölgəsində sülh və sabitliyi pozmaq üçün birtərəfli səylərə qəti şəkildə qarşı çıxdığını vurğulayıb”, – Ağ evin açıqlamasında deyilir.
Telefon danışığında Rusiyanın Ukraynadakı müharibəsi və iqlim dəyişikliyi də müzakirə olunub.
Danışıqlar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gözlənilən səfəri ilə bağlı xəbərlər fonunda aparılıb. Pelosinin səfəri barədə xəbərlər Çinin sərt reaksiyasına səbəb olub. Çin belə səfərin “ciddi nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib.
Belə məqamda “South China Morning Post” qəzeti həm ABŞ, həm də Çinin Tayvan boğazı yaxınlığında hərbi varlığını gücləndirdiyini yazıb. Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusu Tayvan boğazının o tayında yerləşən Futszyan əyalətindəki Longtyan aviabazasına əlavə qüvvələr yerləşdirir. Digər xəbərə görə, “Ronald Reyqan” aviadaşıyıcısının başçılıq etdiyi ABŞ zərbə qrupu Sinqapur limanından Cənubi Çin dənizinə qayıdıb.
Pelosi Tayvana səfər edərsə, bu, ABŞ-ın 1997-ci ildən bəri adaya ən yüksək səviyyəli səfəri olacaq. Respublikaçı Nyut Qinqriç 1997-ci ildə Tayvana səfər edən Nümayəndələr Palatasının sonuncu spikeri olub.
Məlumat üçün bildirək ki, Çin Tayvanı ayrıca ölkə kimi tanımır və onu özünün bir hissəsi hesab edir. Bu xəbərlər təkcə Çinin reaksiyasına səbəb olmayıb. Mətbuatda gəzən məlumatlara əsasən, Bayden administrasiyası 82 yaşlı Pelosini Tayvana səfərdən çəkindirməyə çalışıb. “Hərbiçilər bunun yaxşı bir fikir olduğunu düşünmür”, – Bayden bildirib.
Heç kimə sirr deyil ki, ABŞ ictimaiyyətində və Konqresində Tayvana güclü dəstək var. 35 ildən artıqdır Konqresdə olan Pelosi Çinə qarşı tənqidi mövqeyi ilə tanınır. O, indiyədək Pekinin insan haqlarını pozmasını tənqid edib, demokratiya tərəfdarı olan etirazçılarla görüşüb. Pelosinin planı aprel ayında adaya səfər etmək idi. Ancaq COVID testi müsbət olduğu üçün səfəri təxirə salmalı oldu. O, planın təfərrüatlarını açıqlamasa da, Tayvana dəstək göstərməyin vacibliyini vurğulayıb.
Ümumilikdə isə ABŞ Tayvanla bağlı balanslı siyasət aparmağa çalışır. Vaşinqton bir tərəfdən Çinin adanı öz ərazisi hesab etdiyini etiraf edir, digər tərəfdən Tayvanın statusunun zorla dəyişdirilməsi ideyasına qarşı çıxır və adaya silah satır. Bu balanslı siyasət Rusiyanın Ukraynaya təcavüzündən sonra dəyişib. Bayden administrasiyası Çinin eyni məntiqdən çıxış edərək Tayvana hücum edəcəyindən narahatdır. Bayden bu yaxınlarda bildirib ki, Çin adaya hücum edərsə, ABŞ hərbi cavab verəcək.
Çinin Tayvana qarşı getdikcə daha aqressiv bəyanatları və hərəkətləri, eləcə də Tayvan boğazını beynəlxalq ərazi kimi tanımaması ABŞ-da narahatlıq doğurur. Bu gərgin siyasi mühitdə Pelosinin səfəri gərginliyin artması riski daşıyır. ABŞ rəsmiləri Çinin hərbi reaksiya verəcəyindən qorxurlar. Bəzi analitiklər Pekinin Tayvanı güc yolu ilə ələ keçirməyə çalışmasının yaxın perspektivdə
mümkün olmadığını düşünürlər.
Çin liderinin Baydenə “odla oynamaması” çağırışı hər kəsin diqqətini çəkib. Bu, güclü xəbərdarlıq olsa da, ilk dəfə səsləndirilmir. Bu il ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edərkən Çin Xarici İşlər Nazirliyi də eyni ifadələrdən istifadə edib. Çin Müdafiə Nazirliyi ötən il Tayvana xəbərdarlıq edən zaman oxşar ritorikadan istifadə edib. İndi Çin liderinin bu ifadədən istifadə etməsi onun əhəmiyyətini artırır. Amma bu, o demək deyil ki, Çin Tayvana qarşı hərbi əməliyyata hazırlaşır və ya ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edərsə, belə bir addım atacaq. Əvəzində ABŞ-a mesaj göndərir ki, əgər onlar öz siyasətlərini dəyişməsələr, münaqişə qaçılmaz olacaq.
Qərbin mətbuat səhifələrində Bayden-Si Cinpin danışığı barədə fərqli fikirlər səsləndirilir. Qarşılıqlı xəbərdarlıqlara baxmayaraq, hər iki ölkə daxilində liderə Çin-ABŞ münasibətlərinin normallaşdırılması ilə bağlı təzyiqlər edilir. Bayden hakimiyyətə gəldikdən sonra Çin lideri ilə üz-üzə görüşə bilməyib. Güman edilir ki, iki lider gərginliyi azaltmaq üçün telefon danışığı aparmağa qərar veriblər. Hər nə qədər sərt bəyanatlar səsləndirilsə də, telefon danışığı vəziyyəti sabitləşdirmək üçün yaxşı fürsətdir. Təsadüfi deyil ki, mətbuatda liderlərin üz-üzə görüşməsi ilə bağlı danışıqlar aparılmasına məlumatlar yayılıb.
Onu da xatırladaq ki, Tayvan adası Çinin əsas ərazisindən təxminən 160 kilometr məsafədə yerləşir. 1895-ci ildə birinci Çin-Yaponiya müharibəsində qalib gəldikdən sonra ada Yaponiyanın nəzarətinə keçib. 1945-ci ildə Yaponiya İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra Çin adanı yenidən nəzarətə alıb. Lakin daha sonra Çində Çan Kay-şekin rəhbərlik etdiyi millətçi qüvvələrlə Mao Zedonqun Kommunist Partiyası arasında vətəndaş müharibəsi başlayıb. 1949-cu ildə kommunistlər qalib gələrək Pekində nəzarəti ələ keçiriblər. Millətçilər məğlub olduqdan sonra Tayvana qaçıblar və orada özlərinə müdafiə qurublar.
Hazırda yalnız 13 ölkə (üstəlik Vatikan) Tayvanı suveren ölkə kimi tanıyır. Çin digər ölkələrə Tayvanı tanımamaq və ya tanınmağı nəzərdə tutan hər hansı addım atmamaları üçün diplomatik təzyiq göstərir. Adanın öz hökuməti, seçilmiş liderləri və 300.000-ə yaxın hərbi qulluqçusu var. ABŞ-ın Tayvanla rəsmi əlaqəsi olmasa da, hücuma məruz qalacağı təqdirdə adaya müdafiə sistemləri verməsini tələb edən qanunu var.
Müzakirələr fonunda Çinin Tayvana hücum etmə ehtimalının yüksək olduğu bildirilir. Pekin bundan əvvəl Tayvanı öz nəzarəti altına alacağını, lazım gələrsə güc tətbiq edəcəyini açıqlayıb. Tayvan administrasiyasının müdafiə naziri bildirib ki, Çinlə hərbi əlaqələr son 40 ilin ən gərgin və ən pis dövrünü yaşayır. Nazir Çinin 2025-ci ilə qədər Tayvanı tam işğal etmək gücünə çatmasının mümkün olduğunu etiraf edib.
Lakin əksər analitiklər bunun hələlik mümkün olmadığını düşünür. Çin ordusunun işğalda uğur qazanacaq qədər inkişaf edib-etməməsi də müəmmalıdır. Bundan əlavə, Tayvan hava və dəniz müdafiəsini xeyli təkmilləşdirib. Əksər ekspertlər müharibənin rəsmi Pekin üçün baha başa gələcəyi qənaətindədir. Üstəlik, müharibənin nəticələri təkcə Çinə deyil, bütün dünyaya təsir edəcək.
Gununsesi.info