
Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev şəhid ailələrinə qarşı hörmətsizliyi ilə gündəmə gəlib. Belə ki, bir sıra yerli YAP sədrlərindən fərqli olaraq, Muxtar Nağıyev şəhid ailələrinin dəfninə və hüzr mərasiminə getmir.
Bu barədə Gununsesi.info-ya adının çəkilməsini istməyən Səbail YAP-çılarından biri deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq icra hakimiyyəti orqanları və hakim partiya qarşısında şəhid ailələrinin və qazilərin problemlərinin həlli, onlara diqqətlə bağlı tapşırıqları ölkənin bütün hüdudlarında keçərli olsa da nədənsə Səbaildə bu belə deyil: “YAP-ın mərkəzi rayon təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev şəhid ailələrimizə qarşı böyük hörmətsizlik nümayiş etdirir. Bu cür hörmətsizlik bir yox, bir neçə dəfə baş verib. Məsələ budur ki, Muxtar Nağıyev şəhid ailələri ilə görüşmək yerinə onlarla ofisindən və ya evindən canlı telefonla bağlanır. Bu nə deməkdir, heç söz tapa bilmirəm. Səbael rayonunda yerləşən şəhid evlərinə baş çəkmək o qədərmi çətindir? Yaxud, hansı vacib işlə məşğuldur ki, yarım saatını ayırıb şəhid ailələri ilə görüşmür?! Cəmiyyətimiz üçün ən həssas məsələyə qarşı bu hörmətsizlik və saymamazlıq medianın necə diqqətini cəlb etməyib hələ də başa düşmürəm. Sizdən çox xahiş edirəm bu məsələni araşdırıb işıqlandırın. Bildirim ki, onun bu hərəkəti rayon fəalları arasında da narazılığa səbəb olub”.
Məsələ ilə nağlı Muxtar Nağıyevin mövqeyini öyrənməyə çalışsaq da cəhdlərimiz faydasız oldu.
Belə ki, təşkilatın əlaqə telefonuna cavab verən gənc xanım qeyri-iş günü olduğunu və ancaq yeni həftənin ilk iş günü zəng etməyimizi tövsiyyə etdi.
Muxtar Nağıyevin sosial şəbəkə hesabında mesaj bölümü bağlı olduğundan da ona yazmaq imkanımız olmadı.
Bu ittihamla bağlı Muxtar Nağıyevin mövqeyini işıqlandırmağa hazırıq.
Gununsesi.info