Vətən Müharibəsi Qəhrəmanı Nərimanovda anıldı -FOTOLAR

  • By admin
  • 28 Oktyabr 2021 15:49

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan
təmizləmiş və ərazi bütövlüyümüzü bərpa etmişdir.   Torpaqlarımızın işğaldan azad
edilməsində, tarixi Zəfərin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant,  şəhid Azad Hümbətovdur”.

Bu fikirlər Nərimanov Rayon icra hakimiyyətindən redaksiyamıza göndərilən məlumatda əks olunub.

Şəhid qəhrəmanın anım tədbirinin keçirilməsi barədə göndərilən məlumatda daha sonra qeyd olunur:

Nərimanov rayonundakı 291 nömrəli Ekologiya Liseyini bitirərək, daxil olduğu Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tank bölüyü ixtisasına yiyələnmiş Azad
Hümbətov 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Tank tağımı
komandiri olan Azad Hümbətov Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə
iştirak etmiş, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib
çıxarmış və dəfələrlə yaralı döyüş yoldaşlarını düşmən mühasirəsindən çıxara bilmişdi.
Müharibənin ilk günlərində tankı ilə minaya düşən Azad Hümbətov özü ayağından
yaralanmasına baxmayaraq tankı idarə edən yaralı mexaniki 25 km meşə ərazisində
kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Müalicəsini yarımçıq qoyaraq
yenidən müharibəyə qayıdan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İkinci Fəxri Xiyabanda dəfn olunmuş
qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmiş,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

27 oktyabr 2021-ci il tarixdə şəhid Azad Hümbətovun anım günü ilə bağlı Nərimanov
rayonunda anım tədbiri keçirilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli
Məclisinin sədr müavini, millət vəkili Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, millət vəkilləri Hikmət
Məmmədov və Rasim Musabəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid
Azad Hümbətovun ailəsi, eləcə də rayonun digər şəhid ailələri Azad Hümbətovun uyuduğu
II Fəxri Xiyabana gəlmiş, Azərbaycan Respublikasının Milli Hərbi Orkestrinin ifa etdiyi Dövlət Himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Milli Məclisin sədr müavini Adil Əliyev çıxış edərək şəhidin ailəsinə başsağlığı vermiş, valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Azad Hümbətovun xatirəsinin əziz tutulacağını, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir. O, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini söyləmişdir.
Şəhidin məzarı ətrafına toplananlar tərəfindən Vətən Müharibəsi Qəhrəmanının məzarı
üzərinə əklil və gül dəstələri qoyulmuş, xatirəsi hörmət və ehtiramla yad edilmişdir.
Daha sonra şəhidin anım mərasimi davam etdirilərək ehsan verilmiş, ruhuna dualar
oxunmuşdur. Anım mərasimində 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx
nümayiş etdirilmişdir. Mərasimdə Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev,
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və millət vəkili Hikmət Məmmədov çıxış edərək qeyd etmişlər ki, milli dövlətçilik tariximizdə və xalqımızın
yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik
edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-
diplomatik fəaliyyəti, eyni zamanda, xalqımızın həmrəyliyi nəticəsində qazanıldı. Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında vurğuladı ki, bu gün rayonumuzda
yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin
qayğıları bizim qayğılarımızdır. O vurğuladı ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən
naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. O bildirdi ki, 27 sentyabr – Anım Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın, eləcə də 3000 nəfərədək soydaşımızın iştirak etdiyi
və başları üzərində tutduqları şəhid portretlərindən biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun və şəhid Qasısımov Şəhriyarın portretləri olmuşdur.

Anımmərasiminin qürurverici anlarından biri də həmin portretlərin şəhidlərin valideynlərinə təqdim edilməsi olmuşdur. Anım mərasiminin sonunda şəhid Azad Hümbətovun atası Arif Hümbətov ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Gununsesi.info